“Bütün idman zallarında kamerların quraşdırılması məcburi olmalıdır”

13:58 - 2 May 2023

“Bütün idman zallarında kamerların quraşdırılması məcburi olmalıdır”

Sumqayıtda məşqçinin idman zalında uşaqla qəddar rəftarından sonra ölməsi məsələsi Milli Məclisdə qaldırılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Kamal Cəfərov çıxış edib.

“Sumqayıt məktəbinin idman zalında məşqçinin 7 yaşlı Fəridə qarşı törətdiyi vəhşiliyi, amansızlığı yəqin hər biriniz izlədiniz. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fəridə qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır. Hesab edirəm ki, bu məsələyə xüsusi yanaşmanın göstərilməsi mühümdür.  Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi və Federasiyalar təcili müzakirələrə başlamalı, regionlarda fəaliyyət göstərən idman müəllimləri ilə rüblük profilaktik söhbətlər etməli, onlar üçün xüsusi davranış qaydaları hazırlayaraq, təşviq etməlidir. Eyni zamanda, bütün idman zallarında kamerların quraşdırılması məcburi olmalıdır. Buradan uşaqlarımıza demək istəyirəm ki, məşq zamanı pis rəftarla üzləşsələr, mütləq 102-yə zəng etsinlər, polisə məlumat versinlər”, - deputat bildirib.

K.Cəfərov, eyni zamanda Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması məsələsinə münasibət bildirib.

Deputat qeyd edib ki, bu, təkcə milli təhlükəsizlik yox, regional təhlükəsizlik məsələsi idi: “Əslində, məsələdən daha çox zərurət idi. Azərbaycan Prezidentinin bu qətiyyəti sülh danışıqları prosesində yeni reallıq yaratdı və “Laçın” sərhəd-buraxılış məntəqəsini Zəngəzur dəhlizinin başlanğıcı etdi.  Digər tərəfdən müşahidələr göstərir ki, Azərbaycan sərhədçisi Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə dialoq qura bilir, ermənilər də bu reallığı başa düşür və Azərbaycan qanunlarına tabe olur.

Birgə yaşayış kontekstində bu çox mühüm yenilikdir. Bəzi dövlətlərin və beynəlxalq təşkilatların bu təşəbbüsünü dəstəkləmək, erməniləri Azərbaycan qanunlarına tabe olmağa həvəsləndirmək əvəzinə, verdikləri destruktiv bəyanatlar qəbuledilməzdir. Heç bir bəyanat bizi haqq yolundan döndərə bilməyəcək”.

Deputat əlavə edib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin seçkiqabağı İstanbulda keçirilən “Texnofest”də iştirak etməsi, Türkiyə Prezidenti Rəcəp Tayyib Erdoğanla birgə dayanaraq türk dünyasına mesaj verməsi şərəfli bir tarix idi:

“Bir Millət, İki Dövlət anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycanda arasındakı münasibətləri bir yumruq səviyyəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev, həm də, Qafqaz kişisinə xas xarakteri ilə, mərdliyi ilə, etibarlı qardaş olması ilə türk dünyasına, Qafqaz xalqlarına, post-sovet məkanına bir daha nümunə göstərdi. Əsl qardaş, tərəfdaş, lider necə olmalıdır, bütün dünyaya göstərdi”.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin