Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB

19:27 - 26 Aprel 2024

Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

 

Kollegiyanın mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 26-da saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Bildirilib ki, test imtahanında iştirak etmək istəyən şəxslər mayın 15-dək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin