"Bu cür oyunlardan çəkinmirəm" - Qurban Qurbanov

23:00 - 25 Oktyabr 2023

"Çox güclü komandaya qarşı oynayacağıq. Təkcə nəticələri ilə yox, həm də baxımlı oyunu ilə də Bundesliqada liderdirlər. "Bayer" çox bacarıqlı futbolçulardan ibarət komandadır. Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir. Biz də çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər".

 

Manset.az  xəbər verir ki bu sözləri "Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer"lə (Almaniya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. "Bayer" üç fərqli sistemlə oynayır. Bəzi rotasiyalar edirlər. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, səhvlər olsa da, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər" - deyə o bildirib.

Mütəxəssis sabahkı matçı üçün start heyəti müəyyənləşdiyini vurğulayıb: "Demək olar ki, heyət hazırdır. Sadəcə oyunun gedişatında hansısa dəyişikliklər ola bilər".

O, Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biri olduğunu deyib: "Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər oyuna çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını yəqin ki, yaxından baxmısız, izləmisiz. Çox sürətli, topla oynamağı bacaran komandadır. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Xabi Alonso futbolda ən böyük adlardan biridir. "Bayer"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər işimizə real yanaşmalıyıq.Bu komandanın bacarığı, keyfiyyəti bizdən yuxarıdır.  Son illərdəki təcrübəmiz bu komandaya qarşı,  daha sıx, kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah ən yaxşı oyunlarımızdan biri olacağına şübhə etmirəm".


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin