Mətbuat Şurasından sülhməramlıların jurnalistə kobud davranışı ilə bağlı – BƏYANAT

15:56 - 7 Dekabr 2022

Mətbuat Şurasından sülhməramlıların jurnalistə kobud davranışı ilə bağlı – BƏYANAT

Mətbuat Şurası ölkəmizin ərazisində müvəqqəti məskunlaşmış Rusiya Sülhməramlı Hərbi Kontingentinin Azərbaycan jurnalistlərinin fəaliyyətini məhdudlaşdırmasını qətiyyətlə pisləyir.

 

Manset.az xəbər verir ki, media təmsilçiləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqlarını işıqlandırmaq istəyirdilər. Bu istək tam haqlıdır.

Ölkəmizin ərazisindəki təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər ictimai əhəmiyyət daşıyır. Bu ehtiyatlar Azərbaycan xalqınına məxsusdur, xalqın öz təbii sərvətə qarşı qəsd hallarına dair bilgi əldə etmək, mövcud istiqamətdəki təfərrüatlara varmaq hüququ var.

Təəssüf ki, Rusiya sülhməramlıları Azərbaycan cəmiyyətinin maraq və mənafelərindən irəli gələn jurnalist fəaliyyətinə maneçilik törədiblər. Bunu müxtəlif media vasitələrində, sosial şəbəkə profillərində yayılmış görüntülərdən də müşahidə etmək mümkündür.

O da nəzərə alınmalıdır ki, Rusiya sülhməramlıları Ermənistandan və digər xarici ölkələrdən olan jurnalistlərin ərazidə sərbəst hərəkətinə hər hansı maneə yaratmır. Belə olan halda Azərbaycanın media təmsilçilərinə münasibətdə xoşagəlməz rəftar təəssüf hissi ilə yanaşı, təəccüb də doğurmaqdadır.

Mətbuat Şurası bir daha belə halları qətiyyətlə pisləyir. Şura əmindir ki, Azərbaycan dövlətinin əlaqədar strukturları məsələni diqqətdə saxlayacaq, Rusiya sülhməramlıları tərəfindən jurnalist fəaliyyətinə maneçilik faktlarının gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəkdir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin