"Ermənistanı bu işə sürükləyən Aİ və ABŞ da məsuliyyət daşıyacaq" - Azay Quliyev

13:07 - 29 Mart 2024

Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik fəaliyyətini açıq müstəviyə keçirməyə qərar verib.

Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın birtərəfli dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması regionda sülhə və sabitliyə ciddi zərbədir.

Yaxşı başa düşürük ki, qərbin bu planı Cənubi Qafqazda yeni nüfuz bölgüsünü həyata keçirməyə və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa hesablanıb və belə bir yalnış siyasət nəticəsində regionun yeni təlatümlara və müharibələrə sürüklənməsi riski xeyli artacaq və bəlkə də, qaçılmaz olacaq.
Biz bunu Avropa İttifaqının Ermənistandakı missiyasının hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir.
Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqının siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir.

Ancaq hamı bilməlidir ki, qərbin bu kimi ikiüzlü və saxta mahiyyətinə Azərbaycan çoxdan alışıbdır və bizdə, artıq, bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü imunitet formalaşıbdır.

Ona görə də əminəm ki, bu addımların heç biri Azərbaycan xalqının və onun Liderinin iradəsini qıra bilməyəcək və son 4 ildə olduğu kimi bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq.
Digər tərəfdən, qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu planına İranın hələ də səssiz qalması təəccüb doğurur.
Axı, İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun “qırmızı xətti”dir. Necə ola bilər ki, ən kiçik məsələyə görə Azərbaycanı şantaj edən və hədə qorxu gələn İran rəsmiləri Ermənistanda qərbin hərbi bazasının yaradılmasına görə rəsmi İrəvanı nəinki hədələmir, hətta qınamır?
Ümid edək ki, bu suala yaxın günlərdə aydınlıq gətiriləcək.
Sonda isə onu bildirmək istərdim ki, XİN-in mövzu ilə bağlı verdiyi açıqlamada qeyd edildiyi kimi, şirnikləndirilən revanşist qüvvələrin bundan sonra Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlik istənilən hərəkətinə görə təkcə Ermənistan deyil, eyni zamanda, onu bu işə sürükləyən Aİ və ABŞ da məsuliyyət daşımalı olacaq.

Azay Quliyev, millət vəkili


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin