4800 il əvvələ aid sərdabə tapıldı

19:41 - 27 Mart 2024

4800 il əvvələ aid sərdabə tapıldı

Qahirədə Alman Arxeologiya İnstitutunun bir qrup arxeoloqu tərəfindən aparılan qazıntılar zamanı müxtəlif rəsmlərlə bəzədilmiş və Misirin Qədim Krallığına aid sərdabə aşkar edilib.

 

Manset.az xəbər verir ki, Misirin Qədim Əsərlər üzrə Ali Şurası baş katibinin müvəqqəti işlər vəkili Hişam Əl-Leyti bildirib ki, bu tapıntı qədim Misir cəmiyyətinin ictimai-siyasi strukturu haqqında dəyərli məlumatları əks etdirir.

Piramidaların yerləşdiyi Gizanın cənubunda yerləşən Dahşur nekropolu Qədim Krallığın görkəmli piramida sərdabələri ilə zəngindir. Burada eramızdan əvvəl 2650-ci ildə firon Xeopsun atası Seneferuya aid edilən Qırmızı piramida və Bükülmüş piramida var.

 Arxeoloqlar qrupunun rəhbəri Stefan Seidlmayer bildirib ki, araşdırmalar sərdabənin fironların beşinci sülaləsinin sonu və ya altıncı sülalənin əvvəllərinə aid edilə biləcəyini göstərir. O əlavə edib ki, bu məzarlıq Qırmızı Piramida şəhərciyinin sakinlərinə məxsus geniş qəbiristanlığın bir hissəsidir.

Böyük əhəng daşından hazırlanmış qapının üzərindəki yazılar sərdabənin sarayda müxtəlif inzibati vəzifələrdə çalışan Seneb-Nebef adlı şəxsə və onun arvadı İduta aid olduğunu göstərir.

Seidlmayer qeyd edib ki, bu tapıntını fərqləndirən onun nəfis rənglənmiş bəzəyidir ki, buna da Dahşur nekropolunda nadir hallarda rast gəlinir. Zərif sənət əsərləri gündəlik həyat səhnələrini, o cümlədən taxılın üyüdülməsi, Nil çayında üzən gəmiləri və səs-küylü bazarları, eləcə də qurban gətirən xidmətçilərin təsvirlərini ehtiva edir.

Alman Arxeologiya İnstitutunun bu missiyası 1976-cı ildən Dahşurda aparılan qazıntılarda iştirak edir və əsasən Orta Krallığın piramidalarına diqqət yetirir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin