Xankəndidə separatçılara OD VURULDU – Hesablaşmağın vaxtı çatdı

11:07 - 19 Mart 2024

Xankəndidə separatçılara OD VURULDU – Hesablaşmağın vaxtı çatdı

Ermənistan özünü xilas edə bilər... Nikol Paşinyan hakimiyyəti bu şansı Qərbdəki havadarlarının sifarişlərindən, revanşist fikirlərdən boyun qaçırmaqla qazanmaq imkanını hələ də saxlayır. Əks təqdirdə rəsmi İrəvandan Ermənistan üçün yaxşı gələcək vəd edəcək hər hansı bir addıma şahid olmayacağıq.

Daha konkret desək, Ermənistan kölə siyasətindən əl çəkib, müstəqil qərarlar qəbul etməyəcəyi təqdirdə daha böyük məğlubiyyətlə üzləşə bilər. Son zamanlar Fransanın xüsuslə sanki Ermənistan adlı dövlətin regiondan silinməsi üçün onu silahlandırmaq istiqamətində göstərdiyi canfəşanlıq diqqətdən qaçmır. Makron rejimi faktiki olaraq əlindən gələni etməyə çalışır ki, Cənubi Qafqazda vəziyyət yenidən qırmızı xəttə çatsın, regionda barıt qoxusundan dayanmaq mümkün olmasın. 

Təəssüf ki, Nikol Paşinyan hakimiyyəti bunun üçün Fransaya lazım olan zəmini yaratmağa davam edir. Bu məsələdə xüsusilə rəsmi İrəvanın Parisin istəyinə uyğun olaraq sərhədlərin delimitasiya, demarkasiyası prosesində sui-istifadə halları ilə qarşılaşmaq ehtimalları artır. 

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədlərin delimitasiyası barədə yeni məlumat açıqlayıb.
Paşinyan delimitasiyanın Tavuş bölgəsindən başlayacağını istisna etmədiyini deyib. Lakin dünya təcrübəsinə nəzər saldıqda deyə bilərik ki, delimitasiya prosesi mürəkkəb və ağır bir prosesdir. Çox güman ki, Paşinyan da yaxşı bilir ki, açıqlamasının həll yolu olmaq ehtimalı olduqca azdır, çünki Azərbaycanın delimitasiya tələbləri ilə Ermənistanınkı çox fərqlidir.

Ermənistan və onun Qərbdəki havadarları anlayırlar ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın tələblərindən kənara çıxmaq, prosesi qəlizləşdirəcək, hahisələrin gedişini dalana dirəyəcək. Bilə-bilə ki, Bakı ümumiyyətlə İrəvanın qeyd etdiyi bölgələri mübahisəli predmet qismində görmür. Hazırda o da aydın şəkildə görünür ki, Ermənistan hesab edir ki, guya ona məxsus kəndlərdən Azərbaycanın nəzarətində olanlar var. Rəsmi İrəvan bu "dilemmadan" istifadə edərək Azərbaycanı qarşılıqlı ərazi mübadiləsi variantı ilə üzüzə qoymağa çalışır. Rəsmi Bakı isə bu təklifin heç bir halda masaya qoyulması ilə razılaşmayacaq. 

Son 4 ildə Azərbaycan bu cür məsələlərlə bağlı artıq kifayət qədər təcrübəyə malikdir. Baxmayaraq ki, ərazisi 30 işğalda olmuş bir ölkə kimi daim təzyiqə də məruz qalan, haqsızlıqla da üzləşən Azərbaycan olub. Bununla belə Azərbaycan öz ərazi bütövlüyünü öz hərbi gücü, siyasi iradəsi nəticəsində bərpa etməyi bacardı, xalq-dövlət-ordu vəhdəti bu zəfəri əldə etmək üçün əsas faktor oldu. 

44 günlük Vətən müharibəsi, onun ardınca keçirilən antiterror əməliyyatları və keçən ilin 19-20 sentyabrındakı son lokal hərbi əməliyyatlarla ərazi suverenliyini bərpa edən Azərbaycanı bu gün İrəvanın ağaları ilə qurduğu yeni planları qorxutmağa kifayət etməyəcək. Artıq rəsmi Bakı üçün bu immunitet formalaşıb və Azərbaycan həqiqətən də nəyinki regionun, eləcə də qlobal məkanın əsas aktorlarından birinə çevrilir. Buna görə də Paşinyanın delimitasiya kontekstində ərazilərin dəyişdirilməsi prinsipi Azərbaycan üçün nəyinki həll variantı sayıla bilməz, heç müzakirə predmeti də deyil.

NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Qafqaz regionuna səfərini Azərbaycandan başlaması bu gün Azərbaycanın əhəmiyyətini, artan nüfuzunu, onun gücünü nümayiş etdirir. Çünki adətən Cənubi Qafqaza baş tutan bu cür səfərlər zamanı əvəllər daha çox Ermənistan və Gürcüstandan başlanıldığına şahid olurduqsa, artıq beynəlxalq güc mərkəzləri, nüfuzlu təşkilat nümayəndələrinin indi ilk marşurut kimi Bakını seçmələri təsadüf sayıla bilməz. Bunun baş verməsini şərtləndirən məsələləri məhz Azərbaycan özü yaratdı. 

Hazırda dünyada və regionda cərəyan edən hadisələrə nəzər saldıqda demək olar ki, Azərbaycan yaxın gələcəkdə daha böyük güc mərkəzlərindən birinə çüvrilə bilər. Belə ki, Azərbaycanın qlobal enerji bazarına keçiddə növbəti şaxələnməsi bir sıra məsələlərin həllini də tezləşdirmək imkanı verəcək. Bu da Ermənistan, havadarı Fransa və digər ermənipərəst qüvvələr istəməsələr belə özlüyündə şərait yaradacaq ki, Bakı ilə İrəvanın münasibətlərinin sağlamlaşdırılması istiqamətində Azərbaycanın önə çəkdiyi tələb və şərtləri, təhlükəsizlik üçün ideyaları olmazsa olmaza çevrilsin. 

Bunun isə Ermənistanın sülh proqramındakı ikibaşlı yanaşmaları və ara-sıra revanşizm mövqeyində dayanması fonunda həyata keçməsi regiondakı təhlükəsizliyə, sabitliyə mənfi təsir göstərməyə çalışan qüvvələr üçün olduqca tutarlı cavab ola bilər. Bundan sonra kimliyindən asılı olmayaraq hər kəs Azərbaycanla hesablaşmağa məcbur olacaq. Elə ötən gün Prezident İlham Əliyevin ötən gün separatçılığın kökünün kəsildiyi Xankəndidə Novruz bayramı münasibətilə yandırdığı bayram tonqalının yanından Azərbaycan xalqına müraciəti zamanı qeyd etdiyi kimi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Dövlət başçımızın Xankəndidə alışdırdığı tonqalın yeri də diqqətdən qaçmadı. Prezident İlham Əliyev məhz həmin tonqalı bu yaxınlarda separatçıların son izlərinin də silinməsi üçün uçurulub, dağıdılan binaların yerində qalanması böyük rəmzi məna daşıyır. Bununla da Ali Baş Komandan bütün dünyaya "Bura əbədi və əzəli Azərbaycan torpağı olub və olacaq. Heç kim bizim torpağımızda at oynada bilməz", - mesajı verərək, bunu eyni zamanda növbəti Zəfər tonqalı kimi təqdim edib. Necə ki, Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verdiyini bəyan etdiyi kimi...

Bu tonqal eyni zamanda Azərbaycan ərazisində separatçılığı gücləndirmək istəyənlərə, ona zəmin hazırlayanlara və onlara havadarlıq edənlərə vurulan od kimi hələ yaddaşlarda uzun illər qalacaq. Hesablaşmağın vaxtı çatdı! 

Atabəy Türkel


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin