Putinin yeni prezidentliyinə Qərbdən reaksiya - Müttəfiqlərdən isə təbrik

15:35 - 18 Mart 2024

Putinin yeni prezidentliyinə Qərbdən reaksiya - Müttəfiqlərdən isə təbrik

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinin rekord səslə qalib gəlməsinə Qərb liderləri reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qərb liderləri seçkinin nəticələrini tənqid ediblər.

Seçkilər zamanı bəzi səsvermə mərkəzlərini bombalayan Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında "Dünyada hamı başa düşür ki, Putin hakimiyyət xəstəliyinə tutulub və əbədi hakimiyyət üçün hər şeyi edir. Şəxsi gücünü qorumaq üçün etməyəcəyi pislik yoxdur” deyib.  

Digər açıqlama isə ABŞ-dan gəlib. Ağ Ev, Rusiyadakı seçkilərin azad və ədalətli olmadığını bəyan edib.

Almaniya Xarici İşlər Nazirliyi seçkinin nəticəsinin heç kəsi təəccübləndirmədiyini bildirib.

Bəyanatda “Putinin avtoritar idarəçiliyinin senzura, təzyiq və zorakılıq üzərində qurulduğunu, Ukraynada Rusiyanın ilhaq etdiyi ərazilərdə keçirilən seçkilərin etibarsız olduğunu” ifadələri yer alıb.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukrayna ərazisində keçirilən seçkilərin qanunsuz olduğunu iddia edib.

Fransa Xarici İşlər Nazirliyi də seçkilərin təzyiq altında keçdiyini və Donetsk, Luqansk, Xerson və Zaporojyada seçkilərin nəticələrini tanımadıqlarını bildirib.

Seçkilərin təzyiq altında keçirildiyini bildirən digər ölkə Polşadır. Bəyanatda “Belə bir mühitdə azad və demokratik seçkinin keçirilməsi mümkün deyil” deyilir.

Avropa İttifaqı “Rusiyadakı seçkilər Moskvanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsindən də təsirlənən son dərəcə məhdud şəraitdə keçirilib” bildirib.

Bəyanatda həmçinin, Ukrayna ərazisində keçirilən “qondarma seçkilərin” etibarsız olduğu və heç bir hüquqi effekti ola bilməyəcəyi iddia edilib.

Aİ Rusiya hakimiyyətinin ATƏT/DTİHB müşahidəçilərini seçkilərə dəvət etməmək qərarından da təəssüflənib.

Digər tərəfdən, Putinə müttəfiqlərindən təbriklər gəlib.

Şimali Koreya lideri Kim Çen In və Çin prezidenti Si Cinpin seçkilərdəki qələbəsi münasibətilə Putinə təbrik məktubu göndərib.

Venesuela prezidenti Nikolas Maduro da Putinin qələbəsini alqışlayıb və Putinin qələbəsi ilə “Qərb imperializmini məğlub etdiyini” bəyan edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin