Rövşanə yayılan videolardan danışdı: “Daha abırlı, daha həyalı...”

01:02 - 1 Mart 2024

Rövşanə yayılan videolardan danışdı: “Daha abırlı, daha həyalı...”

Son zamanlar təhsil müəssisələrində müşahidə olunan xoşagəlməz hallar, məktəblilərin bir-birinə qarşı zorakılıq etməsi gündəmin əsas mövzularından birinə çevirilib. 

 

Bu kimi halların getdikcə sayının artması və daha çox yayılması, həyəcan doğuran amillərdən biridir. 

Bəs bu məsələ necə həll oluna bilər? Məktəb mühitində qeydə alınan xoşagəlməz halların geniş vüsət alması fəsadlara səbəb ola bilərmi?

Manset.az  bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Rövşanə Bektaşi əvvəllər də belə halların olduğunu, ancaq bu qədər gündəmdə olmadığını bildirib: 

"Məktəblərdə xoşagəlməz hadisələr baş verə bilər, lakin onları bu qədər paylaşmaq, şagirdləri linç etmək qətiyyən olmaz. Ümumiyyətlə, hər zaman belə hadisələr olub. Mənim təhsil aldığım illərə nəzər salanda da bu cür halların olduğunu xarırlayıram. Hər zaman uşaqlar arasında davalar da, xoşagəlməz hallar da yaşanıb. Bütövlükdə şagirdlərdən mükəmməllik tələb etmək mümkün deyil. Əgər insan faktoru varsa, biz hər şeyin ideal olmasını tələb edə bilmərik. Bu, çətin məsələdir, ağ varsa, qara da var, xeyir varsa, şər də var. 

Mən məktəbdə oxuduğum Sovet dönəmində belə bu cür hadisələr baş verirdi. Bu gün bəzən ağızdolusu sovet dövrünün təhsil sistemini tərifləyirlər, amma o dönəmdə də bu cür xoşagəlməz hadisələr olurdu. Hətta oğlanlar özlərindən zəifin üzərinə gedirdi, bəzən onları döyürdü. Amma o zaman münasibətlər tamamilə başqa cür idi. Münasibətlər müstəvisi başqa cür qurulmuşdu, əvvəla, bu qədər çəkiliş, ictimailəşdirmə olmurdu, mobil telefonlar yox idi, məsələ məktəb daxilində çox yüksək səviyyədə həll olunurdu, direktor valideynləri çağırırdı, valideyn iclası keçirilirdi, uşaq tənbeh olunurdu, onun şəkli şərəf lövhəsinin yanında olan "qara siyahı"ya düşən uşaqların şəklinin yanına vurulurdu. Uşaqlar bundan çəkinib utanırdılar, valideyninin yanında pərt olurdular və məsələ bu şəkildə həll olunurdu. 

Bu o demək deyildi ki, bir də uşaqlar arasında heç vaxt dava olmayacaq, xeyr. Belə hadisələr hər zaman olur, çünki nəsillər dəyişir, fikirlər, düşüncələr, münasibətlər dəyişir. İstər-istəməz uşaqların arasında belə hallar yaşanır". 

R.Bektaşi hadisələrin dərhal lentə alınıb ictimailəşdirilməsinin çıxış yolu olmadığını qeyd edib:

"Bu gün hərənin əlində bir telefon var, hadisəni çəkir, istədiyi kimi paylaşır. Guya ki, məsələni ictimailəşdirməklə həll edirlər, amma belə hallar gördüyünüz kimi azalmır. Bu gün paylaşılan videolar, yazılan şərhlər qətiyyən ictimai qınaq deyil! Buna ictimai qınaq deməzlər, bu, adını jurnalist qoyanların İP yığmaq xatirinə kimlərinsə taleyindən istifadə etməsidir. Bu davranış kökündən yanlışdır, fikrimcə, məsələ məktəb daxilində həll olunmalıdır. Əgər hadisə məktəblilər arasında baş veribsə, direktor və valideynlə, faciəvi durumdadırsa, hüquq-mühafizə orqanlarında həll olunmalıdır. Mediaya çıxsa da, daha abırlı, həyalı formada çıxmalıdır".


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin