Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 15 %-dən çox artırdı

10:26 - 30 İyun 2023

Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 15 %-dən çox artırdı

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur.

Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk ayı ilə müqayisədə 15,6 % çoxdur.

Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır.

Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır.

Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin