“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

16:01 - 28 Mart 2024

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

“Hazırda “Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Crocus Group”un keçmiş birinci vitse-prezidenti, şirkətin sahibi Araz Ağalarovun oğlu, bəstəkar-müğənni Emin Ağalarov “Rossiya 24” telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, şirkət ticarət mərkəzinin bərpası ilə bağlı qərarı təkbaşına vermək səlahiyyətində olmasa da, konsert zalının bərpa edilməsinin tərəfdarıdır. Həmçinin vurğulayıb ki, burada Rusiya Prezidenti Vladimir Putinin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun və ictimaiyyətin fikri rəhbər tutulacaq.

E.Ağalarov terror aktından sonra işsiz qalan təqribən 300 əməkdaşın digər obyektlərdə işlə təmin ediləcəyini də sözlərinə əlavə edib.

Onun sözlərinə görə, həmin terror aktından sonra ictimai yerlərin mühafizəsi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır.

O, həmçinin “Crocus City Hall”a bənzər konsert zalının inşasının neçəyə başa gələ biləcəyindən danışıb. Ağalarov bu proses üçün 150 milyon dollar tələb olunacağını qeyd edib. 

Xatırladaq ki, martın 22-də Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Son məlumata görə, hadisə nəticəsində 143 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin