Tanınmış reper edam cəzasına məhkum edildi - FOTO

12:56 - 25 Aprel 2024

Tanınmış reper edam cəzasına məhkum edildi - FOTO

İranlı rep ifaçısı Tumac Salehi Məhsa Əmini nümayişlərinin təşkilində ittiham olunaraq yenidən edam cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda nəşr olunan “Şərq” qəzetinə danışan Tumac Salehinin vəkili Əmir Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib.

Vəkil Reisiyan açıqlamasında, “İsfahan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi görünməmiş bir addım ataraq Ali Məhkəmənin Tumac Salehi barəsində çıxardığı hökmü icra etmədi və aşağı məhkəmənin müstəqilliyini vurğulayaraq, Tumac Salehini “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə onu ən pis cəza olan ölümə məhkum etdi”, deyib.

İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, rep müğənnisi Salehi Məhsa Əminin polis nəzarətində ölümündən sonra 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 ay davam edən nümayişlər zamanı etirazlara qatılaraq aksiyaları dəstəkləyən açıqlamalar verib. İran rəsmiləri daha sonra Salehinin ölkədən qaçmaq istəyərkən saxlanıldığını bildirib. Daha sonra iranlı müğənninin gözləri bağlı və dediklərinə görə üzr istəyən şəkli ölkə mətbuatında dərc olunub. Ailəsi Salehinin həbsxanada işgəncələrə məruz qaldığını və etirafa məcbur edildiyini iddia ediblər. “Yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə Salihi əvvəlcə ölüm cəzasına məhkum edilib. Bildirilib ki, iranlı müğənninin cəzası daha sonra hakimiyyətlə “effektiv əməkdaşlıq” etdiyi üçün həbs cəzası ilə əvəzlənib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin