Ekologiya və ətraf mühitin mühafizəsi

11:27 - 27 Yanvar 2024

Ekologiya və ətraf mühitin mühafizəsi

Son dövrlərdə dünyada baş verən ekoloji problemlər ölkəmizi də narahat edir. Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyə böyük diqqət verilir və onların həlli üçün hərtərəfli tədbirlər görülür. Ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, flora və fauna mühafizəsinin təkmilləşdirilməsi davamlı inkişafda olan konsepsiyanın tərkib hissəsinə çevrilib. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması vacibdir. 


Mövzu ilə bağlı ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Manset.az-a açıqlamasında bildirib ki, ətraf mühitin və bioloji müxtəlifliyin, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və onların gələcək nəsillərə çatdırılmasının təmin edilməsi məqsədilə dünyada effektiv hesab edilən üsullardan biri xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılmasıdır.

Arzu Babayeva qeyd edib ki, xüsusi mühafizənin təşkili meşə fondunun, heyvanların və bitkilərin ən yüksək formada qorunması deməkdir:

“Ölkəmizdə hazırda 893 min hektarlıq ərazini əhatə edən və ölkə ərazisinin 3\10 faizini təşkil edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkəyə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin tarixinə nəzər salsaq xronologiya ilə bu tarixi 3 mərhələyə bölmək olar. Birinci ölkədə ilk qorunan ərazi olan, 1910-cu ildə yaradılan Eldar şamı geobotaniki yasaqlığının yaradılmasıdır. İkinci mərhələ 1925-ci ildən başlayan ölkədə ilk dövlət təbiət qoruqlarının yaradılmasıdır. Eləcədə Zaqatala dövlət təbiət qoruğu və digər qoruqların yaradılması mərhələsi bura aiddir. Üçüncü mərhələ isə 2003-cü ildən başlayaraq milli parkların yaradılmasına başlanılmasıdır. 2003-cü ildə ölkə daxilində ilk olaraq milli park kateqoriyalı xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başılanılmışdır. Qoruqlar və milli parklar hər ikisi elmi tədqiqat təyinatlı idarələr hesab olunsalar da fərqi ondan ibarətdir ki, qoruqlara yalnız elm adamlarının, alimlərin, tədqiqatçıların girişinə icazə var. Milli park isə qoruqdan fərqli olaraq ekoloji turizmi özündə ehtiva edir. Əcnəbi vətəndaşlar, eləcə də sıravi vətəndaşlar həmin milli parklara nazirlər kabinetinin 114 nömrəli qərarı ilə 2 manat ödəniş edərək milli parka daxil olaraq onun flora və fauna aləmi ilə tanış ola, asüdə vaxtlarını məhz milli parkın təyin olunmuş marşrutlarında , bitki nöqtələrində keçirə bilərlər. Yeni təbiət ərazilərinin, yeni kateqoriyaların yaradılması istiqamətində bu gün də işlər davam edir. Hal-hazırda ölkədə nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi məqsədilə yeni kateqoriyalı biosfer qurğu və yarpaqların yaradılması ilə bağlı layihə mövcuddur. Hazırda fəaliyyət göstərən Zaqatala dövlət qoruğunun bazasında gələcəkdə Zaqatala biosfer qurğunun yaradılması nəzərdə tutulub. Hazırda bu layihə istiqamətində müəyyən fəaliyyətlər həyata keçirilib və yaxın gələcəkdə məhz bu qoruğun biosfer qoruğu kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Həmçinin, hazırda deməli Bakı və Abşeron yarımadasında palçıq vulkanlarlı da dövlət təbiət qoruğunun bazasında ilk olaraq geoparkın yaradılması ilə bağlı işlər davam etdirilir. Geopark da elə bir kateqoriyalı mühafizə olunan təbiət ərazisidir ki, burada geoturizm üçün imkanlar var”. 

Arzu Babayevanın sözlərinə görə, qırmızı kitabların hazırlanması onun ictimaiyyətə çatdırılması, diqqət və qayğıya ehtiyacı olan nəsli azalan, nəsli kəsilməkdə olan növlərə xüsusi diqqətin yetirilməsindən ibarətdir:

“Nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi məqsədilə digər effektiv üsullardan biri də məhz qırmızı kitabların və qırmızı siyahıların yaradılmasıdır. Ölkəmizdə qanunvericiliyə əsasən hər 10 ildən bir qırmızı kitablar yenilənir. Hal-hazırda ötən il 2023-cü ildə qırmızı kitabın 3-cü nəşri işıq üzü gördü. İndiyə kimi qırmızı kitab 3 nəşr qırmızı kitab hazırlanıb. Ümumiyyətlə, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi məqsədilə həyata keçirilən layihələrdən biri də retroduksiya layihələridir. İlk olaraq 2010-cu ildə başladılan retroduksiya layihəsi Şirvan milli parkından ceyranların götürülərək ölkənin tarixən ceyran yaşadığı digər areallara köçürülməsindən ibarət olmuşdur. Hazırda da bu layihə davam etdirilir. İndiyədək 300-dən çox ceyran ölkənin digər ceyran yaşayan areallalarına köçürülüb. Hazırda həmin ərazilərə köçürülmüş ceyranlar artıq dayanıqlı populyasiya formalaşdırmışdı. Nadir növlərin bərpası layihələri çərçivəsində 2009-cu ildən başlayaraq tədqiqatlara başlanılıb. Zubrların ölkəyə gətirilməsi ilə bağlı tədqiqatlar nəticəsində Şahdağ milli parkı İsmayıllı bölməsi məhz zuburlar üçün əlverişli mühit hesab olunub. 2019-cu ildən Avropadan ölkəmizə gətirilən zubrlar məhz burda adaptasiya müddəti keçdikdən sonra artıq vəhşi təbiətə buraxılmışdır. İndiyədək mərhələli şəkildə ölkəyə hər il zubrlar gətirilir və onların sayı 61-ə çatıb. Gətirilmiş zubrlar onların artımı, balalamaları məhz layihənin uğurlu olduğu və yerli şəraitə uyğunlaşdığını göstərir. Retroduksiya layihələri çərçivəsində gələcəkdə digər nəsli kəsilməkdə olan növlərin də məhz retroduksiya layihələri çərçivəsində artırılması nəzərdə tutulur”.

Əfsanə Rəcəb

6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin