"Üçüncü dozanın vurulmasından başqa seçimimiz yoxdur" - Deputat

11:25 - 7 Oktyabr 2021

"Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster (üçüncü) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Əlbəttə ki, bunlar birmənalı olaraq dünya səhiyyə qurumlarının apardıqları tədqiqatların nəticəsi olaraq ortaya qoyulmuş həqiqətlərdir".

Manset.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, rəsmi məlumatlara görə, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var: "Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Koronavirusun ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozanın istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir".

Deputat bildirib ki, bu faktlar rəsmi məlumatlar olduğundan inanmaqdan başqa yol yoxdur: "Necə ki, ilkin başlayanda normal peyvəndlərin də risk qrupuna və yaşlı insanlara vurulması ön sırada tövsiyə olunurdusa, indi hamı üçün labüddür. Eləcə də buster dozanın da peyvənd olunan bütün insanlara vurulması tövsiyə olunacaq. Hər nə qədər cəmiyyətin bəzi üzvləri bunu qəbul etməkdə çətinlik çəksə də, bu bir həqiqətdir və bundan başqa seçim etmək imkanımız yoxdur. Hər kəsə pandemiya şəraitində ortaya çıxan fərziyələrin, əsassız məlumatların yerinə, rəsmi qurumların vermiş olduğu məlumatlardan yararlanmağı tövsiyə edirəm".


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin