Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
23:51 - 6 Oktyabr 2021
Qış aylarında insanlar tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutulur. El arasında bu xəstəlikləri "soyuqdəymə" adlandırırlar. Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır. Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman "döyüşə" hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.
Manşet.az medicina.az-a istinadən xəbər verir ki, əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:
- Dərhal isti vanna və ya isti duş qəbul edib yatağa uzanın və yorğana bürünün. Fiziki aktivliyinizi minimuma endirin.
- İsti maye qəbul edin. Ən yaxşı variant moruqlu və ballı isti çaydır. Moruğu "təbii aspirin" adlandırırlar. Məsələ burasındadır ki, moruqda aspirin preparatınının tərkibinə daxil olan salisil turşusu var. Moruq immun sistemini stimullaşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı təsir edir.
- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan əvvəl ayaqlarınızı 10-15 dəqiqə ərzində (bundan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış suda saxlayın. Əgər sizdə allergiya yoxdursa, suya bir qədər xardal da əlavə edə bilərsiniz. İsti suyun təsirindən qan aşağı ətraflara axır, baş hissəsində isə damarlar daralır və nəticədə zökəm keçir. Zökəm zamanı istifadə olunan burun damcıları da bu prinsip əsasında işləyir. Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın və yun corab geyinin. Nənələrimiz corablara da xardal tökürdülər.
- Öskürək və zökəm zamanı inhalyasiyalar yaxşı təsir edir. Bir neçə kartof qabıqda (!) bişirib suya evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam ağacı ("pixta") yağı əlavə edin. Sonra başınızı dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs alın (çalışın ki, selikli qişalarınız yanmasın!).
- Zökəm zamanı burnunuzu yod-duz məhlulu ilə yumaq olar (1/2 stəkan su + 2-3 damcı yod + bıçağın ucunda duz). Bu məhlulla burnunuzu gündə 3-4 dəfə yuyun.
- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan ilıq su + 1 ç.q. duz) və ya soda (1 stəkan ilıq su + 1 ç.q. soda) qatılmış su ilə yaxalayın. Belə məhlullar mikrobları və virusları məhv edir, iltihabla mübarizə edir. Bundan əlavə boğazınızı ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində 3-4 dəfə yaxalayın.
- Boğaz ağrısı zamanı bal qatılmış süd yaxşı kömək edir.
- Vitamin C soyuqdəymə ilə mübarizədə orqanizmə böyük kömək edir. Bunun üçün belə bir resept istifadə etmək olar:
1 qaşıq nanə yarpaqlarını 1 st. qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini sıxın və 1 ç.q. bal əlavə edin.
Əgər bütün bu tədbirlərə baxmayaraq sizin vəziyyətininz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, mütləq həkimə müraciət edin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin