Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
23:33 - 6 Oktyabr 2021
Populyar Feysbuk sosial şəbəkəsi tarixdə misli görünməmiş böhranla üzləşib. Əvvəllər bu şirkətdə məlumatların emalı üzrə mütəxəssis vəzifəsində çalışan xanım Frensis Hogen tərəfindən açıqlanmış ifşaedici məlumatlar şirkətin tarixində ən böyük qalmaqal ilə nəticələnib.
Manşet.az AZƏRTAC-a istinadən bildirir ki, Hogen Senatın İstehsalçı hüquqlarının müdafiəsi, məhsulun təhlükəsizliyi və məlumatların təhlükəsizliyi məsələləri üzrə Yardımçı Komitəsində dinləmələrdə ifadə verib. O qeyd edib ki, Feysbuk uşaqlara ziyan vurur, cəmiyyətdə ayrı-seçkilik yaradır və demokratiyanın əsaslarını sarsıdır.
Frensis Hogen daha əvvəl bildirib ki, Feysbuk şirkətində işlədiyi dövrdə bu şirkətin öz mənfəətini ictimai təhlükəsizlikdən üstün tutmasına, insanların həyatını riskə məruz qoymasına görə narahatlıq keçirirdi. Hogen "60 Minutes" telekanalına müsahibə verməzdən əvvəl müvafiq sənədləri Konqresə gətirib. O, həmin müsahibədə may ayında Feysbuk şirkətini tərk etdiyini bildirib.
Mətbuatda dərc edilmiş sənədlərdən məlum olur ki, şirkətin rəhbərləri onun platformalarının bəzi gənc istifadəçilərə mənfi təsir göstərməsini bilirlər. Bundan əlavə, Hogen Feysbukun fəaliyyət alqoritmini istifadəçilərə yalan informasiya verən element adlandırıb. O deyib ki, Feysbuk 2020-ci il seçkiləri barədə dezinformasiya riskini başa düşürdü və buna görə təhlükəsizlik sistemlərini gücləndirmişdi, lakin seçkilərdən sonra bu tədbirləri yenə zəiflədib. İfşaedici sənədlərdə göstərilir ki, bu şirkət məşhur şəxslərə, siyasətçilərə və yüksəkvəzifəli Feysbuk istifadəçilərinə müxtəlif münasibət bəsləyir. Bu da məlum olub ki, belə şəxslərin uçot qeydlərinə moderasiya siyasəti, yəni çarpaz yoxlama adı ilə məşhur olan XCheck sistemi ya zəif tətbiq edilir, ya da ümumiyyətlə tətbiq edilmirdi. Sadə dildə desək, həmin istifadəçilərin postları sosial şəbəkə qaydalarını pozduqda belə, bu postlar silinmirdi.
Ötən həftə Senatın Yardımçı Komitəsi qarşısında dinləmələr zamanı hər iki partiyadan olan senatorlar Feysbuk şirkətini kəskin tənqid ediblər. Qanunvericilər bildiriblər ki, onlar Feysbukun uşaqlar üçün yaxşı platforma ola biləcəyinə inanmırlar (hazırda Feysbukun uşaqlar üçün uyğunlaşdırdığı İnstaqram platforması nəzərdə tutulub).
Frensis Hogen "60 minutes" telekanalına müsahibəsində deyib: "Feysbuk bir daha nümayiş etdirir ki, o, müstəqil fəaliyyət göstərmək iqtidarında deyil. Feysbuk bir daha nümayiş etdirir ki, o, ictimaiyyətin təhlükəsizliyini yox, öz mənfəətini üstün tutur. O, özünün mənfəəti naminə bizim təhlükəsizliyimizi riski məruz qoyur".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin