"Azərbaycan Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib" -İlham Əliyev

19:48 - 28 Sentyabr 2021

"Ümid etmək istərdim ki, bu, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb".

Manşet.az xəbər verir ki, bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində "Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər iki tərəf arasında dialoqun yenidən başlaması və sülhə ümidin olacağı deməkdirmi?" sualını cavablandırarkən deyib.

"Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq", - dövlət başçısı bildirib.

Sonra Azərbaycan Prezidenti "Düzdür, dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistan rəhbərliyi - Ermənistanın baş naziri ilə əlaqə yaratmısınızmı?" sualını cavablandırıb:

"Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub. Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq".

İlham Əliyev "Siz bunları söyləmək üçün baş nazir Paşinyana zəng etməyə hazırsınızmı?" sualına cavabında deyib:

"Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq".


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin