"Narkotik cinayətlərinə görə 3 634 nəfər məhkəməyə verilib" - Vilayət Eyvazov

19:55 - 24 Sentyabr 2021

Daxili İşlər Nazirliyində (DİN) axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

Manşet.az xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öncə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxunaraq cari ilin 8 ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə 3 634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından Kollegiyanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual olduğunu bildirib.

İclasın gündəliyi üzrə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Elman Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən, eləcə də xidməti fəaliyyətdə mövcud olan çatışmazlıqlardan və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlərdən danışıblar.

Müzakirə olunan məsələlər ətrafında bır sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş işlər və mövcud nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran general-polkovnik Vilayət Eyvazov hər üç məsələ ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar verib, həmçinin əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin