DİM Niderlanddan keyfiyyət nişanı aldı

19:00 - 9 Sentyabr 2021

DİM Niderlanddan keyfiyyət nişanı aldı

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların keyfiyyəti Niderlandın RCEC təşkilatının auditindən uğurla keçib və DİM-ə müvafiq keyfiyyət nişanını əks etdirən sertifikat təqdim olunub.

Manşet.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən ölkəmizdə təhsil sahəsində qiymətləndirmənin təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması, test imtahanlarının hazırlanması, təşkil edilməsi, nəticələrin yoxlanılması, təhlili, tədqiqat metodologiyası sahəsində biliklərin artırılması və beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

DİM institusional inkişafını təmin etmək məqsədilə mütəmadi olaraq inkişaf layihələrinin təşkil edilməsinə, daxili nəzarət və auditin keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə beynəlxalq təşkilatların və DİM-in xarici tərəfdaşlarının təcrübələrinə, hesabat və tövsiyələrinə hər zaman müraciət edilir. Bir neçə dəfə qurumun fəaliyyətinin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən auditi də təşkil edilib.

2021-ci ilin yanvar ayından etibarən növbəti dəfə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC - Research Centre for Examination and Certification) tərəfindən Dövlət İmtahan Mərkəzinin imtahanları təşkil etmə prosedurları – yoxlama-ölçmə materiallarının hazırlanması, imtahanların aparılması, imtahan nəticələrinin yoxlanılması və təhlili audit edilib.

Auditin məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkilinin keyfiyyətini və səmərəliliyini, atılan addımlar və prosesləri Beynəlxalq Standartlaşdırma Təşkilatı – ISO-nun standartlarına uyğun qiymətləndirmək və təkmilləşdirmək olub.

ISO 9001 (idarəetmənin keyfiyyəti), ISO 17024 (heyətin qiymətləndirilməsi), ISO 17065 (xidmətin qiymətləndirilməsi) və təhsilin qiymətləndirilməsinə dair beynəlxalq keyfiyyət standartları əsasında təşkil edilən auditin nəticəsi olaraq Dövlət İmtahan Mərkəzi RCEC-in keyfiyyət nişanını özündə əks etdirən sertifikatla təltif edilib.

Qeyd edək ki, RCEC testlərin və imtahanların keyfiyyətinin qiymətləndirilməsini təmin edən beynəlxalq audit təşkilatıdır. Təşkilat qiymətləndirmə qurumlarına imtahanların effektivliyinin artırılması və təkmilləşdirməsi üçün məsləhət xidməti də təklif edir.

RCEC-in audit nəticəsində DİM-i rəsmi keyfiyyət nişanı ilə təltif etməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların ən yüksək keyfiyyət standartlarına cavab verməsinin göstəricisidir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi postsovet ölkələrinin müvafiq qurumları arasında qeyd olunan keyfiyyət sertifikatı əldə edən yeganə təşkilatdır.

Xatırladaq ki, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarının keyfiyyəti də 2006-cı ilin avqust ayında Təhsilin Qiymətləndirilməsi Xidməti (ETS – Educational Testing Service) tərəfindən audit edilmişdi və təşkilatın fəaliyyəti müsbət qiymətləndirilmişdi.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin