Ölkəmizdə azad mətbuatın inkişafı üçün geniş imkanlar mövcuddur

15:53 - 26 May 2023

Ölkəmizdə azad mətbuatın inkişafı üçün geniş imkanlar mövcuddur

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.

Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan media dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

“İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatının müstəqillik dövrü Ümummilli Liderin adı ilə bağlıdır:

Vüqar Rəhimzadə: Media cəmiyyətin informasiya tələbatını ödəyərkən  məsuliyyət hissini unutmamalıdır

“Hər bir sahədə möhkəm təməl uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Bir mühüm məqamı da yaddan çıxarmaq olmaz  ki, 2023-cü il  dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə «Heydər Əliyev İli» elan edilib. Bunu  xüsusi qeyd etməyimiz Azərbaycanın hər bir uğurunun dahi şəxsiyyətin adı ilə bağlı olması ilə əlaqədardır. Azərbaycan mətbuatının müstəqillik dövrü Ümummilli Liderin adı ilə bağlıdır. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Liderin  digər sahələrdə olduğu kimi, azad medianın  inkişafı sahəsində də yaratdığı möhkəm təməl bugünkü uğurların təminatında  stimulverici amildir. Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi nəticəsində  KİV-in qarşısında yaranan imkanlar zaman keçdikcə daha da genişləndi. Dövrün tələblərinə uyğun olaraq qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi üçün medianın fəaliyyətini tənzimləyən qanunda əlavə və dəyişikliklərə, eyni zamanda,  yeni qanunun qəbuluna böyük zəmin yaratdı”.

 Vüqar Rəhimzadə hesab edir ki, ölkəmizdə azad mətbuatın inkişafı üçün geniş imkanlar mövcuddur:

“Azərbaycanda  5 mindən artıq mətbu orqanın qeydiyyatdan keçməsi  bu sahənin inkişafı üçün yaradılan demokratik şəraitin nəticəsidir.  Məlum olduğu kimi, ötən il  “Media haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi. Təbii ki, yeni Qanunun qəbulunu zəruri edən səbəblər Azərbaycan mediasının keçdiyi inkişaf yolu ilə bağlıdır. Belə ki, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun həmin  dövrün reallıqlarını əks etdirirdi. Nəzərə alaq ki, o zaman Azərbaycan dövlət müstəqilliyinin bərpasının 8-ci  ilini yaşayırdı. Yeni Qanunun qəbul edildiyi dövr isə artıq tarixi Zəfərimizdən sonrakı   zamana təsadüf edir.  Zaman keçdikcə ölkəmizin həyatında baş verən yeniliklər, eyni zamanda, hər bir sahənin inkişafına geniş imkanlar yaradan, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda da yeniləşməni bir tələb kimi qarşıya qoyurdu. Bu baxımdan mətbuatın qarşıdakı dövrdə fəaliyyətinin əsasını təşkil edən  “Media haqqında” Qanunda   78 maddənin hər biri özlüyündə inkişaf, tərəqqi deməkdir. Bu, ondan irəli gəlir ki, mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə  uğurla davam etdirən Prezident İlham Əliyevin son 20 ilə yaxın dövrdə azad medianın inkişafı istiqamətində atdığı addımlar göz qabağındadır. Azərbaycanda mətbuat daim demokratik cəmiyyətin vacib amillərindən biri  kimi qiymətləndirilir:

Əməkdar jurnalistin sözlərinə görə, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir:

“Bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə mətbuata hər hansı qadağalardan söhbət gedə bilməz. Mətbuatın inkişaf səviyyəsi ölkənin tərəqqisinin göstəricisidir.   Azərbaycanda medianın inkişafına  yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil”.

“İki sahil» qəzetinin baş redaktoru bildirib ki, son illər peşəkar medianın fəaliyyətinin stimullaşdırılması üçün addımlar atılıb:

“Ulu Öndər Heydər Əliyevin bir,  Prezident İlham Əliyevin isə 3 dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi Azərbaycan dövlətinin  medianın inkişafına göstərdiyi diqqətin və qayğının aydın mənzərəsini yaradır.

Prezident Şuşada jurnalistlərlə görüşdü — Video

Buna əmin olmaq üçün təkcə son illərdə bu sahənin inkişafı istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.  Dövlət başçısı İlham Əliyev  2021-ci ilin ilk ayında “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Bu sənədə   uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun azad medianın inkişafı, jurnalist peşəkarlığının artırılması istiqamətində fəaliyyəti media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. MEDİA Agentliyi yeni «Media haqqında» Qanunda dövrün bütün yeniliklərinin və tələblərinin öz əksini tapmasına səy göstərdi. Yeni  sənədə uyğun olaraq Media Reyestrinin yaradılması və  reyestrin aparılması qaydalarının təsdiqlənməsi ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsini və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək.”

Azad medianın inkişafına yönələn addımlar sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2022-ci ildə qəbul etdiyi  Qərarı da xüsusi qeyd etməliyik.  Belə ki, “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Mətbuatın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə yönələn addımlardan biri də  Prezident İlham Əliyevin bu ilin aprelində təsdiqlədiyi  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə mətbuat sahəsində də mühüm addımlara yol açır.  Bütün hallarda məqsəd peşəkar medianın fəaliyyətinin stimullaşdırılmasıdır”.

Vüqar Rəhimzadə qeyd edir ki, mətbuat obyektiv, qərəzsiz olmalı, vətənpərvərlik hisslərini hər şeydən üstün tutmalıdır:

Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Demokratik dəyərlərə sadiqlik sözdə deyil, əməldə öz təsdiqini tapır. Əvvəldə də qeyd etdiyimiz kimi, hər dövrün öz tələbi vardır. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, demokratik cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, bütün dövrlər üçün aktual olan ictimai nəzarətin gücləndirilməsi məsələsində də mətbuatın üzərinə böyük məsuliyyət düşür. Hər dövrün, zamanın tələbləri müxtəlif olsa da, mətbuatın qarşısında dayanan prinsiplər dəyişməzdir.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin