Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

10:28 - 30 Mart 2023

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müstəqillik illərindəki dövr ərzində peşəkarlaşan sabit vətəndaş cəmiyyəti qrupları yaranıb:

Zaur İbrahimli: Azərbaycan Avropaya yaşıl enerji idxalında əsas tədarükçülərdən biri olacaq

“Bu, müxtəlif istiqamətləri əhatə edir. Xüsusilə, biz insan hüquqlarının qorunması, sosial problemlərin həllinə yardım göstərilməsi, sosial xidmət müəssisələri, əhalinin həssas qrupları ilə işləyən qeyri-hökumət təşkilatları, eyni zamanda iqtisadi və ya analitik məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatlarını qeyd edə bilərik. Ümumilikdə biz ümumiləşdirmə aparsaq, 10-12 istiqamət üzrə qeyri hökumət təşkilatları artıq ixtisaslaşdırılıb və müəyyən sabit seqmentlər formalaşdırılıb. Azərbaycanda hazırda 4 minə yaxın QHT dövlət qeydiyyatından keçib. Bu, təxminən orta avropa göstəricilərinə yaxın bir göstəricidir.

Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı səmərəli dövlət maliyyələşmə mexanizmi tətbiq olunur. Qeyri hökumət təşkilatlarına Dövlət dəstəyi konsepsiyası qəbul olunub və konsepsiyaya uyğun olaraq da əvvəl qeyri hökumət təşkilatlarına Dövlət dəstəyi şurası, hazırda isə qeyri hökumət təşkilatlarına Dövlət dəstəyi agentliyi fəaliyyət göstərir. Artıq 2009-cu ildən bəri hər il dövlət büdcəsindən Qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti ayrılır.Bu maliyyə vəsaiti Qeyri-hökumət təşkilatlarına imkan verir ki, cəmiyyət və dövlət həyatının müxtəlif sahələri ilə bağlı ictimai əhəmiyyətli layihələr, təşəbbüslər həyata keçirsinlər”.

Zaur İbrahimli qeyd edir ki, ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf prosesindədir:

“Müstəqillikdən keçən ilk onilliklər ərzində artıq müvafiq normativ hüquqi baza yaradılıb. İnstitusional mexanizmlər formalaşıb. Azərbaycan vətəndaş cəmiyyəti dinamik inkişaf nümayiş etdirir. Əlbəttə, burada müəyyən çətinliklər də var. Bu çətinliklər ilk növbədə maliyyə dayanıqlığı ilə bağlıdır. Azərbaycan dövlət büdcəsindən ayrılmış vəsait Qeyri-hökumət təşkilatları üçün əhəmiyyətli dəstək olsa da, hər halda aparılan tədqiqatlar, araşdırmalar göstərir ki, vətəndaş cəmiyyətləri institutlarının tarixi ehtiyatlarını ödəmək üçün alternativ maliyyə mənbələrinə ehtiyac var. Bu, daha çox ianələr, o cümlədən özəl sektorun dəstəyi, eyni zamanda Qeyri-hökumət təşkilatlarının özünün sosial sahibkarlıq fəaliyyətindən əldə olunacaq gəlirlər ola bilər. Yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər Qeyri-hökumət təşkilatlarının, bu sektorun qarşısında duran məsələləri həll etmək üçün hazırda yetərli deyil. Əlbəttə, dövlətimizin dəstəyi olduqca önəmlidir. Qeyri-hökumət təşkilatlarının Gənclər fondu, Qeyri-hökumət təşkilatlarına dövlət Dəstəyi Agentliyi və qrant vermə hüququ olan 12 dövlət qurumunun verdiyi qrantlar vətəndaş cəmiyyəti üçün çox böyük dəstəkdir. Lakin vətəndaş cəmiyyətinin cəmiyyətin və dövlətin qarşısında duran strateji vəzifələrin həllinə yardımçı olması və daha səmərəli fəaliyyət göstərməsi üçün maliyyə mənbələri şaxələndirilməlidir. Biz hesab edirik ki, Azərbaycan mərhələ-mərhələ bu sahədəki qanunvericilikdə də islahatlar aparılmalıdır. Qeyri hökumət təşkilatlarının alternativ maliyyə mənbələrinin formalaşmasına zəruri şərait və imkan yaradılmalıdır”.

Ekspert vurğulayıb ki, Qeyri-hökumət təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm işlər görür:

“QHT-lər 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynayıb.Eyni zamanda milli maraqların müdafiəsində fəal rol oynayır. Qeyri hökumət təşkilatları BMT müstəvisində, ATƏT müstəvisində, AŞ müstəvisində və Aİ-nin müxtəlif layihə və təşkilatlarında Azərbaycanı təmsil edirlər. Son 2-3 ilin təcrübəsi də deməyə əsas verir ki, kifayət qədər peşəkarlıqla təmsil edirlər. Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə kifayət qədər əzmkar və mübariz mövqeyi ilə seçilirlər. Bu baxımdan həm Azərbaycana qarşı qarayaxma kampaniyalarının ifşa edilməsində, həm də Azərbaycan dövlətinə qarşı informasiya kampaniyaları aparanlara təzyiq göstərilməsinin qarşısının alınmasında Qeyri-hökumət təşkilatları fəal mövqe tutublar”.

İctimai Birlik sədri hesab edir ki, hüquqi dövlət quruculuğu ilə bağlı Qeyri-hökumət təşkilatları əhəmiyyətli işlər görürlər:

“Bunlardan ən vacibi əhalinin hüquqi cəhətdən maarifləndirilməsidir. Bilirik ki, hüquqi dövlət quruculuğu ilk növbədə əhalinin hüquqi biliklərinin artırılmasını nəzərdə tutur. Hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri də ümumi əhali qrupunun hüquqi savadının yüksək olmasıdır. Bu sahədə Qeyri-hökumət təşkilatları çox böyük işlər görürlər. Əslində əhalinin hüquqi cəhətdən savadlanmasının yükü qeyri hökumət təşkilatlarının üzərinə düşür. İkinci ən vacib məsələ mövcud qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının milli qanunvericilikdə daha etibarlı müdafiə mexanizmlərinin yaradılması, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı daha səmərəli işləməsinə nail olmaqdır. Qeyri hökumət təşkilatları bu istiqamətdə maarifləndirmə aparmaq və kömək edirlər qeyri hökumət təşkilatları qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə və onu Azərbaycana gətirməklə bunu edirlər. Ən əsas məsələlərdən biri də çətinliklərin araşdırılması və onların həlli ilə bağlı islahatlar gündəliyinin formalaşdırılmasına dəstək verməkdir. Qeyri-hökumət təşkilatları bunu uğurla həyata keçirirlər. Müxtəlif monitorinqlər, araşdırmalar, tədqiqatlarla mövcud çətinliklər araşdırılır, onların obyektiv və subyektiv xüsusiyyətləri müəyyənləşdirilir və dövlət qurumlarına təkliflər verilir”.

Zaur İbrahimli bildirir ki, hüquqi dövlət quruculuğunda ən vacib məsələlərdən biri də, ictimai iştirakçılığın və vətəndaş iştirakçılığının təmin edilməsidir:

“Bu sahədə də əsas missiyanı vətəndaş cəmiyyəti yerinə yetirir. Vətəndaş cəmiyyəti ictimai müzakirələr, dinləmələr, dövlət orqanları yanında yaradılmış ictimai şuralar vasitəsilə ictimai iştirakçılığı və ictimai nəzarəti təmin edirlər. Vətəndaşları qərarların qəbuluna cəlb edirlər və onların dövlət tərəfindən qəbul olunmuş qərarların hazırlanması və icrasında fəal iştirakını təşviq edirlər. Bu baxımdan Qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğuna əhəmiyyətli tövhə verirlər”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin