Keçmişin izi ilə... - Azərbaycanın QƏLƏBƏ SİRRİ

09:46 - 17 Mart 2023

Keçmişin izi ilə... - Azərbaycanın QƏLƏBƏ SİRRİ

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Bunu biz yox, tarixi faktlar, sənədlər, abidələr deyir. Müxtəlif xalqlara məxsus alimlər tərəfindən aparılan tədqiqatlar sübut edir ki, ölkəmizin 5 min illik dövlətçilik tarixi var. Günümüzə qədər gəlib çıxan, bunu sübut edəcək tarixi faktlar isə kifayət qədərdir.Tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik ənənələrinə bağlı bir xalq olaraq, bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb.

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını təcəssüm etdirir.

Əslində isə bu milli adət-ənənələr, elm və mədəniyyət dövlətçiliyin verdiyi imkanlar əsasında inkişaf edir, özünü daha da təkmilləşdirir. Daha konkret desək, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır.

Məhz bu səbəbdən də bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında ən azı bir ordu qədər əvəzsiz bir vacib missiyanı yerinə yetirir. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətverici funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır.

Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyev yaxşı başa düşürdü ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O, bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişir və dövlətin daha da güclü olmasına öz töhfəsini verir. Necə ki, biz buna 44 günlük Vətən müharibəsinin gedişatında bir daha şahid olduq. 

Qarabağdan erməni işğalı zamanı körpəykən ayaqyalın çıxan azyaşlıların təxminən 30 il sonra öz doğma yurd-yuvasına tank belində döndülər. Özü də necə...

Məhz həmin gənclər Azərbaycanın Zəfər tarixində silinməz iz buraxdılar. Buna da təbii ki, məhz müasir Azərbaycanın dövlət qurulucuğunun banisi olan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, dövlətçilik ənənələrimizin təbliği, vətənpərvərlik istiqamətində aparılan çoxşaxəli fəaliyyətlər öz müstəsna rolunu oynadı. Onun yaratdığı bu dəsti-xətti uğurla və daha da bacarıqlı şəkildə inkişaf etdiən prezident İlham Əliyev siyasəti isə Azərbaycan xalqında, onun gəncliyində yurda, vətənə sevgi, dövlətə sədaqət ruhunu aşılamaqda, əvəzsiz rol oynadı. Məhz bu siyasətin nəticəsidir ki, prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə məhz böyük qismi gənc nəslin nümayəndəsi olan Azərbaycan Ordusu 30 illik işğala birdəfəlik son qoydu. Xalqın bu çətin günlərdə dövlətinin ətrafında bir yumruq kimi birləşməsi düşmənlərin bütün həmlələrini, təxribatlarını, hücumlarını uğurla dəf edib, həsrətlə gözlədiyimiz qələbəni tezləşdirdi. 

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə bugün də dünyanın diqqətinin cəlb edir. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. 

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Lakin xalqın bir olub, bir yumruq olub ən çətin missiyanın öhdəsindən birgə gəlməsi məsələsində də hər zaman əsl liderə ehtiyacı var. Bunun üçün ilk növbədə həmin lider öz tarixi keçmişini, milli-mənəvi dəyərlərini, tarixi kökənini yaxşı bilməli, dərk etməlidir. Bu mənada Azərbaycan xalqının bəxtinin gətirdiyini də çox rahatlıqla söyləyə bilərik. 

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklərin şahidiyik. Son qələbələrimizin əsas səbəblərindən biri də elə bu uğurlu siyasətdir. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq etməkdədir.

Beləcə, şanlı bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər hər ötən gün daha da zənginləşir. Azərbaycanda keçmişin və müasirliyin vəhdətini görmək mümkündür. Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və onun Azərbaycançılıq məfkurəsini təbliği istiqamətində İlham Əliyev böyük işlər həyata keçirir.

Təkcə onu qeyd etmək kifayət edər ki, bu gün Azərbaycanın dövlətçilik tarixi və elm-mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir. Azərbaycanda milli adət-ənənələr mühafizə olunur və inkişaf etdirilir. Müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işinin ən barz nümunəsi 44 günlük Vətən müharibəsidir ki, Azərbaycan xalqı liderinin ətrafında bir yumruq kimi birləşərək 2 əsrdən xeyli vaxt sonra ilk dəfə işğal edilən ərazilərini düşməndən geri almağı bacardı. 

Nəzərə almaq lazımdır ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, o yerləri görməyən, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu qələbə sevincini xalqımıza yaşatdı. Məhz bu amil Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan ən böyük diqqəti kimi dəyərləndirilə bilər.

Bu faktın özü bir daha təsdiq edir ki, Azərbaycan çox düzgün yoldadır və xalq-dövlət birliyi bundan sonra daha böyük zəfərlər qazanmağımıza kömək edəcək.

 

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin