İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri ölkəsinin hərəkətdə olan dəniz maşınlarını məhv edə bilən ballistik raketlər istehsal etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən Baqeri, "İran bu cür raketləri istehsal etməklə bu raketlərə sahib olan 3 ölkədən biri oldu" – deyib.
Sözügedən ballistik raketin sürəti 8 mach (səs sürətinin 8 qatı) və mənzili 1500 kilometrdir. Baqeri belə bir raketin olmasının ölkə ətrafında dənizlərdə 1000 kilometrə qədər radiusda təhlükəsizlik zonası yaradacağını bildirib.
Raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşılmayıb.
Manşet.az