MEDİA-dan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı AÇIQLAMA

12:43 - 19 Yanvar 2023

MEDİA-dan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı AÇIQLAMA

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.

 

Manset.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə üç min beş yüz manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

"Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikası ilə səsləşən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddəadır.

Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanunpozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur" - açıqlamada qeyd edilib.
Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin