Yayda hansı dəri xəstəlikləri müşahidə olunur?

22:06 - 17 Avqust 2021

Yayda hansı dəri xəstəlikləri müşahidə olunur?

Yay aylarında dəri xəstəlikləri ilə müraciətlərin səbəbləri və mahiyyəti dəyişir, amma say artmır.

 Manşet.az xəbər verir ki, bunu  həkim-dermatoloq Emil Muradxanlı deyib. O yay fəslində müşahidə olunan dəri xəstəlikləri ilə bağlı məlumat verib:

"Bütövlükdə yay fəslini 3 hissə olaraq götürsək, ilk hissədə, yəni ilk 4-5 həftə ərzində əsasən günəş şüalarına ciddi həssaslığı olan dəri xəstəlikləri (rozasea, porfiriya, fitofotodermatit) üstünlük təşkil edir. Yayın ikinci yarısı əsasən dəri büküşləri problemləri (bişməcə, göbələk xəstəlikləri), qida toksikozları (əsasən çiyələk və qarpız buna səbəb olur) və əlbəttə, günəş yanıqları daha çox müşahidə olunur. Yayın üçüncü fazasında isə əsasən piqment problemləri, lazer yanıqları (bronzlaşmış dəriyə yanlış doza tətbiqindən yaranan və piqmentlə əvəz olunan yanıqlar) və müxtəlif dəri səpkiləri yarana bilir".

Həkim icarəyə götürülmüş geyimlərlə bağlı da bəzi yüngül xəstəliklərin olduğunu deyib, lakin bütövlükdə bu geyimlərin ciddi infeksiya mənbəyi olmadığını diqqətə çatdırıb:

"İcarəyə götürülmüş paltarlarla bağlı nə qədər qəribə səslənsə də, 1-2 hal istisna olmaqla ümumiyyətlə problem yaranmır. Mən bugeyimlərini infeksiya mənbəyi hesab etmirəm. Ən azından ciddi infeksiya mənbəyi deyillər. Burada bəzi göbələk və bakterial xəstəliklər müşahidə edilə bilər, amma praktikada normal immunitetə sahib insanların bunu asanlıqla dəf etdiyini görürük. İcarəyə paltar götürən şəxslərə tövsiyəm budur ki, istifadədən əvvəl mütləq gigiyenik qaydalara riayət etsinlər. Yuyula bilməyən paltarları istifadədən ən azı 1 gün əvvəl sprey şəklində olan xlorheksidin məhlulu ilə dezinfeksiya etsinlər. Burada sahibkarların üzərinə ciddi məsuliyyət düşür. Onlar paltara istismar müddəti və müştəri sayı məhdudiyyəti tətbiq etməlidirlər. Həmçinin hüquqi baxımdan dezinfeksiya zamanı istifadə edilmiş maddələr və istifadəçi sayı barədə yeni müştərilər məlumatlandırılmalıdır". Trend


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin