Gələn həftədən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

11:27 - 16 İyun 2021

Gələn həftədən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

İyunun 21-dən etibarən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.

İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.

Qeyd edək ki, müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

Tezliklə namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Onlayn müsahibələrin keçirilməsi ilə bağlı müvafiq təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.

 


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin