Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
12:17 - 23 Sentyabr 2022
6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Bu gün dünyada ekologiya və ətraf mühitin mühafizəsi qlobal problemlərdən biridir. Ətraf mühitin qorunması üçün və ekoloji problemlərin həlli üçün dünyanın müxtəlif ölkələrində müəyyən addımlar atılır.
Qeyd edək ki, ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 1962-ci ildən başlayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 17-ci Baş Məclisində “Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub.
Qətnaməyə əsasən, təbiətin mühafizəsi bu təşkilata üzv bütün dövlətlərin bilavasitə vəzifəsi hesab olunur. O da qeyd olunur ki, təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə aparılmalıdır. Qətnamənin qəbulundan 10 il sonra İsveçin paytaxtı Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirilib. Həmin beynəlxalq tədbirdə ətraf mühitin mühafizəsi haqqında bəyannamə qəbul olunub. Bu bəyyannamədən sonra dünyada “5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü” elan edilib.
Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində ölkəmizdə müəyyən layihələr həyata keçirilir. Ölkəmizdə davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılıb. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilib.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdi. Ölkə başçısının bu addımı nəticəsində ətraf mühit problemlərinə daha geniş auditoriyanın cəlb edilməsi, bütün dövlət və ictimai institutların ekoloji tədbirləri gücləndirməsinə imkan verdi. Paytaxtda və digər iri şəhərlərdə, bölgələrdə milyonlarla ağac əkildi, ətraf mühit problemlərinə dair ictimai müzakirələr keçirildi.
2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri öz əksini tapıb.
Lakin görülən tədbirlərə baxmayaraq, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı bəzi problemlər qalmaqdadır. Son zamanlar Azərbaycanın bir neçə dağlıq rayonunda meşə yanğınları baş verdi. Bu yanğınlar ölkəmizin təbiətinə ziyan vurub. Bu ziyanın ekoloji problemə çevrilməməsi üçün artıq meşə təsərrüfatına dəyən zərərin aradan qaldırılması, ekologiyanın bərpası üçün müəyyən addımlar atılır.
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Manset.az-a isti yay aylarında təbiət ərazilərində baş verən yanğınların nəticələrinin aradan qaldırılması istiqamətində hazırda xüsusi yaradılmış briqadalar tərəfindən müvafiq işlər görülür:
“Eyni zamanda, gələcəkdə baş verə biləcək yanğınların qarşısının operativ alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirlikləri tərəfindən birgə fəaliyyət planı hazırlanır. Birgə fəaliyyət planının hazırlanması və icrası baş verə biləcək yanğınların vaxtında və daha operativ qarşısının alınmasına şərait yaradacaq, təbiətə, meşələrə dəyə biləcək zərərləri minimuma endirəcək. Bu sahədə əməkdaşlıq yanğın zamanı qurumlararasında düzgün koordinasiyanın qurulması və mübarizə üsullarının effektiv təşkili işinin təkmilləşməsinə şərait yaratmış olacaq.Birgə fəaliyyət planının hazırlanması ilə bağlı işçi qrupa artıq müvafiq tapşırıqlar verilib və hazırda mütəxəssislər plan üzərində işləyirlər”.
Xalıqverdi Hüseynov əlavə edib ki, bu plan üzrə hansı tədbirlər yerinə yetiriləcək:
“Plana əsasən meşə təsərrüfatlarında və milli parklarda yanğınla mübarizə tədbirlərinin daha operativ təmin olunması üçün dayanıqlı rabitənin (ratsiyaların) təşkil edilməsi, lazımi avadanlıq və texniki təhcizatın yenilənməsi və təkmilləşdirilməsi, meşə və yaşıllıq sahələrinə yaxın yerlərdə su tutarlarının sayının artırılması, ərazilərdə müşahidə qüllələrinin quraşdırılması, vizual və video müşahidələrin aparılması üçün şəraitin yaradılması, yanğından mühafizə keçidlərinin və yollarının açılması nəzərdə tutulub”.
Meşələrin İnkişafı Xidmətinin rəisi qeyd edib ki, yanğına məruz qalmış meşə sahələrin bərpa işlərinə başlanılıb və işlər plan üzrə davam edir. O, deyib ki, yanğına məruz qalmış ərazilərin xəritələri hazırlanır:
“Ərazilərdəki yanaraq bioloji inkişafdan qalmış, yıxılmış quru ağaclar və kollar müvafiq briqadalar tərəfindən təmizlənir və ərazilərdən daşınır. Payız mövsümündə əkinə hazır vəziyyətə gətirilmiş sahələrdə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş tinglərdən və toxumlardan istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq. Aparılan tədbirlər nəticəsində yanmış ərazilərin yenidən əvvəlki vəziyyətinə gətirilməsinə nail olunacaq.
Bildiyimiz kimi, təbiətin özünübərpa xüsusiyyəti var. Artıq yanğına məruz qalmış ərazilərin bir çoxunda təbii bərpa prosesinin sürətlə getdiyinini və hətta bəzi sahələrdə cücərtilərin hündürlüyünün 1 metrə çatdığını müşahidə edirik.
Hazırda əməkdaşlarımız bütün bölgələrdə əkin mövsümü başladılana kimi yanğına məruz qalmış ərazilərin əkinə hazır vəziyyətə gətirilməsi istiqamətində işlər görür”. Xidmət rəisi vurğulayıb ki, İnsan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Ona görə də, vətəndaşları diqqətli olmağa və təbiəti qorumağa çağırıb:
“Yanğınların baş verməməsi üçün hər kəs öz məsuliyyətini hiss etməlidir. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və məsuliyyətsizliyi qarşısıalınmaz yanğınlara səbəb olur. Baş vermiş yanğınların vurduğu zərərlərdən nəticə çıxaraq və belə fəlakətlə bir də üzləşməmək üçün daha da diqqətli olaq”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin