Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi qaldırıldı - YENİLƏNDİ

18:43 - 16 Avqust 2022

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi qaldırıldı - YENİLƏNDİ

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

17:03

Manset.az FHN-ə istinadən xəbər verir ki, Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. 

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. 

13:44

Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.  

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Manset.az-a bildirib.  

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.  

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin