Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi - TƏHLİL VƏ RƏYLƏR

16:26 - 22 İyul 2022

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi - TƏHLİL VƏ RƏYLƏR

6.3.14.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Diaspor quruculuğu və lobbiçilik istənilən dövlətin xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. 

 

Əgər bir dövlətin erməni kimi hiyləgər, dünyanı öz yalanlarına inandırmaq istəyən düşməni varsa, bu mənada həm diaspor, həm lobbiçilik, paralel olaraq da həmrəylik ikiqat önəm daşıyır.
Diaspor və həmrəyliyimizin bu gününə gəlməzdən öncə, tarixə qısa ekskurs edək.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub.
1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Xalq və mərkəzi hakimiyyətin dəstəyini qazandığı üçün həmin gün bayram kimi qeyd edilməyə başlayıb.


Dünya Azərbaycanlılarının ilk qurultayı həmrəylik və lobbiçilik siyasətinin möhkəmləndirilməsi, dərinləşdirilməsi mənasına böyük əhəmiyyət daşıyır. İlk dəfə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda keçirilən qurultayda Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib və Heydər Əliyev Şuranın sədri seçilib.

Azərbaycan diasporu haqqında ümumi məlumat - Azerbaijan.az
Digər qurultaylar isə ardıcıl olaraq beş ildən bir baş tutub. Sonuncu belə qurultay isə bu ilin aprel ayının 22-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilib. Prezident İlham Əliyevin Zəfər Qurultayı adlandırdığı tədbir dünyanın bir sıra aparıcı  media orqanlarında -  Türkiyənin Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallar, “Sabah”, “Hürriyyət” və s. qəzetlər, “aksam.com”, “sondakika.com”, “cumhuriyet.com”da işıqlandırılıb. 

Şuşada keçirilən qurultayın əhəmiyyəti – Ermənistan hansı nəticəni  çıxarmalıdır? – Deputatdan ŞƏRH

 Həmçinin İtaliyanın “Askanews”, “Yahoo Notizie”, “Kmetro0”, “Agenzia Nova” kimi mətbuat orqanlarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin geniş nitqindən sitatlar verilib. 

Şübhəsiz ki, bu qədər nüfuzlu media quruluşlarının Şuşada keçirilən tədbirə maraq göstərməsi, Azərbaycanda dövlət səviyyəsində diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəylik siyasətinə önəm verildiyinin göstəricisidir.

Hazırda dünyanın aparıcı dövlətlərində Azərbaycan diasporası fəaliyyət göstərir. 2008-ci ildən isə Prezident İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. 

Qeyd edək ki, lobbiçilik 90-cı illərin sonlarına qədər elə də müsbət məna ehtiva edən söz deyildi və lobbiçilik fəaliyyəti göstərən şəxslər cəmiyyətdə birmənalı qəbul edilmirdi. 
 Ancaq sonrada Amerika, Avropa  birliyi, xüsusən də Belçika olmaqla lobbiçiliyi tənzimləyən qanunlar tərtib olundu. Bu qanunlar artıq 1950-ci ildə mövcud idi, lakin 1990-cı ildən etibarən daha sistemli və nizamlı şəkil almağa başladı. Hazırda Azərbaycanın dövlət siyasətinin təbliğ edilməsində Azərbaycan lobbisinin də payı var. 


Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, son illər diaspor sahəsində təxirəsalınmaz işlər həyata keçirilir:

Naqif Həmzəyev - Azərbaycan Respublikası Milli Məclisin deputatı
"Xüsusilə də, 2018-ci il prezident seçkilərindən sonra cənab prezident İlham Əliyevin hökumətdə apardığı dəyişikliklər, islahatlar nəticəsində Diaspor Komitəsində də yeni rəhbər təyin olundu. Fuad Muradovun rəhbərliyi dönəmində xaricdə yeni koordinasiya mərkəzləri yaradıldı. Diasporumuzun daha çevik və Azərbaycanın xarici siyasətinə adekvat cavab verə biləcək duruma gətirilməsi üçün bir çox işlər görüldü. Sonuncu, Şuşa şəhərində keçirilən Zəfər Qurultayında da cənab prezident İlham Əliyevin diaspor nümayəndələri qarşısında qoyduğu yeni vəzifələrin şahidi olduq. Xüsusilə də, Zəfərdən sonra xaricdə yaşayan azərbaycanlılar Azərbaycan zəfərinin dünyaya tanıtdırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox yaxşı işlər görməkdədirlər.

Əvvəlki dövrlərdən fərqli olaraq diaspor nümayəndələri daha çox dövlətdən dəstək gözləmirlər. Onlar özləri Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə, Azərbaycana dəstək əllərini uzatmaq ideasını dəstəkləyirlər. Cənab prezidentin də Zəfər Qurultayında çıxışı zamanı heç olmasa ildə bir dəfə bu torpaqlara səfər edin, gəlin, xaricdəki Azərbaycan vətəndaşlarına və xaricdə yaşayan həmin ölkələrin vətəndaşlarına buraları tanıtdırmaq əsas vəzifələrdən biridir- deməsi də mən düşünürəm ki, bizim növbəti illərdə diasporun qarşısına qoyulan əsas vəzifələrdən biridir". 

Deputat qeyd edib ki, müstəqil Azərbaycanın yaşı elə də çox deyil. Bu baxımdan da, diaspor fəaliyyətinin təşkil edilməsi o qədər asan görünmür:

"Buna baxmayaraq, Azərbaycan məhz bu sahədə də, şükürlər olsun ki, çox yaxşı işlər görə bilib. Xüsusilə də, son illərdə türk diasporu ilə Azərbaycan diasporunun birləşərək birlikdə fəaliyyət göstərməsi məncə bu sahədə böyük irəliləyişə səbəb olub. İki  dövlət, tək millət olduğumuz kimi, diasporumuz da bir olmalıdır.  Mən düşünürəm ki, bu, çox düzgün yanaşmadır, çox düzgün strategiyadır. Yaxın gələcəkdə türk dövlətləri təşkilatının güclənməsi Azərbaycan diasporunun da güclənməsinə böyük bir təkan, dəstək olacaq. Mən düşünürəm ki, hər bir azərbaycanlı, xaricdə yaşayan azərbaycanlı çalışmalıdır ki, gecə-gündüz Azərbaycan üçün nələrsə etsin və Azərbaycana öz töhfəsini versin. 
Bilirsiniz, xaricdə çox sayda azərbaycanlılar yaşayır və biz maksimum dərəcədə çalışmalıyıq ki, xaricdə yaşayan azərbaycanlı ailələri həmin dövlətlərə, həmin yaşadıqları ölkələrə inteqrasiya edə bilsin. Həmin ölkənin dilini bilsin və orada müxtəlif sahələr üzrə hərəsi öz peşəsində uğur qazansın və orada bizim yeni nəsil diasporumuz formalaşsın. Belə olacağı təqdirdə həmin dövlətlərdə, həmin ölkələrdə Azərbaycanın səsini daha rahat eşitdirmək, səsləndirmək olacaqdır.

Necə ki bunu bir çox başqa ölkələr öz diaspor fəaliyyətləri gücləndirmək üçün ediblər. Bütün bunlarla yanaşı, biz 44 günlük Vətən Müharibəsinin gedişində gördük ki, xaricdə Azərbaycan sözünü deyəcək ekspertlərin sayı çox təəssüflər olsun ki, azdır. Buna misal olaraq, Rusiya mediasını göstərə bilərik ki, orada biz çox az sayda azərbaycanlı ekspertlərin olduğunu gördük. Bu da onu deməyə imkan verir ki, biz bacardığımız qədər çalışmalıyıq ki, xarici ölkələrdə həmin ölkənin vətəndaşı olmuş Azərbaycan əsilli gənclərin, mütəxəssislərin yetişdirilməsinə dəstək olmalıyıq və çalışmalıyıq ki, oralarda dayanıqlı Azərbaycan diasporu formalaşsın. Həmin şəxslər gələcəkdə uğur qazandıqda, gələcəkdə hansısa vəzifələr tutduqda, öz sahələrinin peşəkarı olduqda nəticə etibarilə Azərbaycana da, Azərbaycan diasporuna da xidmət etmiş olacaqlar. Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı gənclərin də bu sahədə fikirləşmələrinə və qaldıqları ölkədə Azərbaycanı uğurla təmsil etmələrinə çox böyük ehtiyac var. Artıq bununla bağlı müəyyən işlər görülür. Lakin hələ yenidir, yeniyik". 

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar Məmmədov isə bildirib ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər Ümummilli liderimiz Heydər Əliyevin və Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Ancaq diaspor təşkilatlarımız yeni hədəflər uğrundə mübarizəsini daha da gücləndirməlidir".


 
Onun sözlərinə görə, aprelin sonunda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən Zəfər Qurultayında çıxışı zamanı diaspor qarşısında yeni hədəflər qoyulub. Bu hədəflərdən biri də lobbiçilik fəaliyyəti ilə bağlıdır.
“Azərbaycan Prezidenti İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Bu isə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə böyük təkan verir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan ətrafında birləşən diaspor təşkilatları dünyanın 46 ölkəsində 500-ə yaxın tədbir, o cümlədən 111 mitinq və yürüş keçirib. Bu isə Diasporla İş üzrə Dövlət Komitəsinin mütəşəkkil fəaliyyətinin göstəricisidir. Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan ölkənin diaspor təşkilatları kimi biz lobbiçilik fəaliyyətini genişləndirməliyik”, - deyə Elmar Məmmədov əlavə edib.
E.Məmmədov bildirib ki, diaspor və lobbiçilik fəaliyyəti hər zaman öz aktuallığını qoruyub və hazırda dəyişən dünya düzənində bu fəaliyyət daha prioritet hesab olunur: “Milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır ki, bu mənada həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur. Biz bu diqqəti hiss edirik, ona görə də günü-gündən diaspro fəaliyyətimiz daha effektli olur”.

Alyans sədri vurğulayıb ki, Azərbaycan lobbisi dünyanın ən güclü lobbilərindən biri sayılır və bu da koordinasiyalı fəaliyyət nəticəsində mümkün olub. Çünki diaspor quruculuğu, lobbiçilik fəaliyyəti dövlət siyasətində prioritet məsələ hesab olunur. Hər il dövlət hesabına dünyanın ən yüksək səviyyəli ali məktəblərində təhsil almağa göndərilən yüzlərlə gənc diaspor quruculuğu və lobbiçilik fəaliyyəti potensialının artması deməkdir. Eləcə də Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsində müstəsna xidmətləri lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında xüsusilə əvəzsiz rol oynayır.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin