Böyük Qayıdışa məşhurların reaksiyası: “Ümrə ziyarətində olanda Allahdan istədim ki...” - AÇIQLAMA + FOTO

17:50 - 23 İyul 2022

Böyük Qayıdışa məşhurların reaksiyası: “Ümrə ziyarətində olanda Allahdan istədim ki...” - AÇIQLAMA + FOTO

“Şuşada öz küçəmizə gedəndə qonşuların səsi qulağıma gəlir, o illərə qayıdıram bir anlıq. O küçələrdə yenə xoşbəxt insan səsləri, gülüşlər gəlsin, onların övladları, nəvələri, nəticələri qaynayıb-qarışmağını istəyirəm. İnşallah, o gün olsun ki, biz də gedək öz evimizə. Allah ömür versin, bundan sonra qalan ömrümü orada yaşamaq istəyirəm”.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, açıqlamasında Xalq artist Firəngiz Mütəllimova Zəngilan rayonu Ağalı kəndinə əhalinin köçürülməsi prosesinə münasibət bildirərkən bildirib.

Aktrisa sakinlərin öz doğma torpaqlarına qayıtması prosesini yaxından izlədiyini bildirib: 

“Baxıram, köç prosesini izləyirəm və çox gözəl qiymətləndirirəm. Allaha dua edirəm ki, bizə də bu günləri yaşamaq nəsib olsun. Qarabağdan olan bütün məcburi köçkünlərin hamısının ev-eşiklərinə dönməyini istəyirəm. Çox sevinirəm, elə bilirəm ki, mənim üçün böyük bir bayramdır. Bu yuxularımın, xəyallarımın gerçəkləşdiyi gündür. Bütün gün sosial şəbəkə, saytlarda köç prosesini izləyirəm ki, necə oldu, necə getdilər, necə yerləşdilər evlərinə? Yaxın günlərdə çəkilişlə bağlı Şuşaya gedib-gəldik. Böyük işlər görülür, hər dəfə gedəndə yeni nələrsə görürəm”.

Tanınmış müğənni Xuraman Şuşalı isə açıqlamasında daimi olaraq doğulduğu Şuşa şəhərində yaşamaq istədiyini qeyd edib:

“Allah şəhidlərimizə rəhmət etsin, şəhid ailələrinə isə səbir, güc-qüvvət versin, xoşbəxtlik hissini yaşamağı onlara nəsib etsin. Ümrə ziyarətində olanda da ilk öncə Allahdan istədim ki, şəhid ailələrinə səbir versin, sülh əmin-amanlıq olsun. Köç prosesinə çox sevinirəm, Allah o günlərdən mənə də qismət etsin, öz Şuşama gedim. Bizim Şuşada həyət evimiz, çiçəklərimiz, meyvə ağaclarımız var idi. Düşmənlərimiz bizim evimizi söküb, yerində Musiqi Mədəniyyət Evi tikmişdi. İndi isə orada igid oğullarımız oturur. Mən öz ev-eşiyimdə, Şuşada qalacam, toy olsa Bakıya gələrəm, nə var ki burada? İnşallah bütün toylar elə Şuşamızda olacaq. 30 ilin o qədər həsrəti var ki... İş həmişə işdir, buradan durub xaricə getdiyimiz də olur. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bakı da bizə əzizdir, doğmadır. Ancaq ana torpaq bir başqadır. O torpaqda olan xoşbəxtlik, hüzur heç yerdə yoxdur”.

Xalq artisti Nəzakət Teymurova da saytımıza açıqlamasında bildirib ki, o fəaliyyətini doğulduğu Ağdam rayonunun Əlimədətli kəndində davam etdirmək istəyir:

“İllərdir arzumuz olub ki, azad olunmuş torpaqlarımızda məskunlaşaq. Çox şükür ki, artıq qayıdışlar olur. Var-dövlət ola bilər, amma doğma torpağın olmayandan sonra heç nə adamın gözünə görünmür. İnşallah, Allah qismət eləsin, mən köçüb doğma torpağımda yaşayıb, fəaliyyətimi də orada davam etdirəcəm. Şəhidlərimizin ruhu şad olsun, bu gün onların sayəsində torpaqlarımıza qayıdırıq, o torpağı qanları, canları bahasına aldılar. O gün olsun bütün torpaqlarımıza qayıdış tamamlansın və həmin doğma torpağa həyat verək, torpaq da bizə həyat versin, hüzur içində yaşayaq”.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin