Bu gün Avropa çempionatının qalibi müəyyənləşəcək

09:24 - 11 İyul 2021

Bu gün Avropa çempionatının qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa çempionatına yekun vurulacaq.

Manset.az xəbər verir ki, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcəklər. Londondakı "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

Avropa çempionatında Apennin təmsilçisi 2-ci, britaniyalılar isə ilk dəfə finala vəsiqə qazanıblar. Bu oyun komandaların ümumilikdə 28-ci dueli olacaq. Əvvəlki qarşılaşmaların 10-da Roberto Mançinin baş məşqçi olduğu kollektiv, 9-da Qaret Sautgeytin rəhbərlik etdiyi yığma qələbə qazanlb. Doqquz oyunda isə qalib müəyyənləşməyib. Qolların sayında isə İngiltərənin üstünlüyü var - 33:31.

Komandalar son olaraq 2018-ci ildə "Uembli"də yoldaşlıq matçında qarşılaşıblar. Həmin oyun 1:1 hesabı ilə yekunlaşıb.

Finaladək məğlub olmayan kollektivlərdən İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. "Skuadra Adzurra"nın buraxdığı qol sayı isə 3-dür. İngilislərin heyətində ən sərrast futbolçu 4 qol vuran Harri Keyndir. Onu 3 qolla Rahim Sterlinq izləyir. İtaliyalılarda isə Federiko Kyeza, Çiro İmmobile, Lorentso İnsinye, Manuel Lokatelli və Matteo Pessina hərəyə 2 dəfə fərqləniblər.

33 oyundur uduzmayan İtaliya millisi sonuncu dəfə 2018-ci ilin sentyabrında UEFA Millətlər Liqasında Portuqaliyaya məğlub olub - 0:1.

Avropa çempionatı

Final

23:00. İtaliya - İngiltərə

Baş hakim: Byörn Kuypers (Niderland)

London, "Uembli" stadionu


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin