DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
18:18 - 10 İyul 2021
Firdovsi Umudov yazır...
Cənab İlham Əliyevin fərmanı ilə yaradılmış MEDİA-nın İnkişafı Agentliyi son aylar Azərbaycanda mətbuatın inkişafına dair bir sıra islahatlar həyata keçirir, çağdaş dünyanın media dəyərlərinə uyğun yeni qanun layihəsi hazırlayır. Məhz islahatların nəticəsində ayrı-ayrı vəzifəli şəxslərin şantaj, təxribat və böhtan dolu məkrli niyyətlərini həyata keçirən “reket” jurnalistlərinin meydanı daralır. Meydan daraldıqca ələnmə prosesi gedir və onların əsl mahiyyəti, daha doğrusu mahiyyətsizliyi üzə çıxır. Məsələn, elə ötənlərdə reket jurnalistlərin şəhid ailələrindən “haqq” alaraq onların övladlarının şərəfli döyüş yolu ilə bağlı materiallar tirajlayacaqlarına dair rəzalət dolu yazılar, xəbərlər oxuduq. Bəli, bu torpağı öz qanları ilə suvarıb, onu Vətənə çevirən şəhid və qazilərimizin ailəsindən pul tələb etmək nə Zərdabi dəyərlərinə sığır, nə medianın qızıl qaydalarına uyur, nə də insanın əxlaqi, vicdani keyfiyyətlərinə. Bu ünsürlər “Əkinçi”nin toxumları ola bilməzlər. Bu mövzuya ona görə toxunuram ki, mən də zaman-zaman belə “reket”lərin iftira dolu sifarişli şər-şəbədələrinə, qərəz və nifrinlərinə tuş gəlirəm. Əlbəttə, onlar öz vicdan hislərini abort etdirirək, medianın qızıl qaydalarını tapdalayaraq ayrı-ayrı məmurların əlində “dezinformasiya alətinə” çevriliblər. Həmin anti-milli, bu xalqın, ölkənin uğurlarına sevinməyən, bütün məsələlərə öz merkantil(maddi) maraqları çərçivəsində yanaşan şəxslərin niyyəti isə mənim şəffaf fəaliyyətimə, ölkəm, dövlətim, bayrağım, millətim adına qazandığım nailiyyətlərə kölgə salmaq, işgüzar nüfuzuma zərbə vurmaq və məni ləkələmək idi. Şübhəsiz ki, bütün bu böhtanlar nəticəsiz, həmin şəxslər isə əliboş qaldılar. Çünki müvəqqəti yalan tutan ayaqların yeriməyəcəyi bəlli idi. Bununla yanaşı, mənim fəaliyyətim güzgü effekti verir. Kim şəffafdırsa, insani keyfiyyətlərini qoruyub saxlaya bilibsə, özünü məndə təmiz görür. Kimlər ki, bütün bu müqəddəs hiss və dəyərlərdən uzaqlaşaraq əxlaqi və mənəvi keyfiyyətlərini maddi maraqlara qurban verib, onlar özlərini xırtlağadək çirkabın içində görürlər. Öz uğursuzluq və bədbəxtliklərinin intiqamını məndən almağa çalışırlar. Ki, bunu da həmin “reket” jurnalistlərin əli ilə reallaşdırmaq istəyirlər.
Bir fakt deyim:
Ötən ildən etibarən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olaraq Federasiyanın tədbirlərinə dəvət edilmirəm və təbii ki, toplantılara da qatılmıram. Səbəbi aydındır: Çağrılan yeri ar eləmə, çağrılmayan yeri isə dar eləmə. Dəvət yoxdursa, mən də yoxam. Amma bu hadisədən sonra nələr baş verdi? Həmin bu “reket” jurnalistlər özlərini əxlaq və şərəf kodeksindən məhrum etmiş bəzi şəxslərin sifarişi ilə mediada, hətta müəyyən məbləğdə vəsait ödəyərək “Facebook” sosial şəbəkəsinin ödənişli səhifələrində “Firdovsi Umudov Federasiyanın tədbirlərinə qatılmır” başlıqlı yazılar tirajladılar. Bəli, öz peşə dəyərlərinə sadiq, qələmlərini yalnız haqq-ədalət uğrunda işlədən jurnalistlərimiz də az deyil. Və onlar da bu barədə mənə suallar verdilər, amma müəyyən çərçivələri, etik davranış kodekslərini gözləyib danışmadım. İştirakım olmadan verilən qərarlar haqqında nə danışa bilərdim axı? Və onlar da ilin əvvəlində Azərbaycan güləşçilərinin yarışlarda uğursuz çıxışlarına dair müstəqil jurnalist araşdırmaları apardılar, yazılar yazdılar. Amma bəzi şəxslər bu məqalələri mənim “ayağıma” yazmağa cəhd etdilər.
Məsələ belədir:
Uğursuzluqla bağlı yazılar dərc olunanda ehtimallar əsasında mənim adım hallandırılır. Bu isə naxoş təfəkkürün və kəmfürsətçiliyin göstəricisidir. Şübhəsiz ki, belə “məqalələr” buluddan nəm çəkib, heç bir fakta, araşdırmaya söykənməyən ehtimallar, yəqinlər əsasında yazılmışdı və ya yazdırılmışdı. Bununla belə, illərdir üzərilərində əziyyət çəkib yetişdirdiyim idmançılar mənim fəaliyyətimlə bağlı ictimaiyyətə müsbət rəy söyləyəndə həmin idmançılara təzyiqlər göstərdilər. Onların məhz mənim təsirimlə bu cür açıqlamalar verdiklərini iddia etdilər. Eyni zamanda mətbuata ictimai bir xadim, idman ustası kimi dövlətin maraqlarını əks etdirən açıqlamalar verdikdə, buna da qısqanclıqla yanaşıblar və həmin media subyektləri ilə əlaqə saxlayıb çıxışlarımın qarşısını almağa çalışıblar.
Niyyət aydın idi:
Məni təxribata çəkərək hiddətləndirib, öz oxumdan çıxarmaq və qeyri-adekvat davranışıma nail olub, bununla da mənə qarşı qaralama kampaniyalarını davam etdirmək.
Həmin adamlara sözüm budur:
- Yazıqlar olsun sizə. Mən daim bir vətəndaş, müsəlləh əsgər, 2005-ci ildən bu yana məşqçi, böyük məşqçi, baş məşqçi və Federasiyanın birinci vitse-prezidenti olaraq daim Azərbaycan dövlətinin maraqlarını bütün maraq və niyyətlərin fövqündə tutmuşam, tuturam və tutacağam. Dövlət, millət və Müzəffər Ali Baş Komandanımız, möhtərəm prezidentimizə daim sadiq qalmışam və qalacağam. Milli Yığma komandamıza da Tokioda keçiriləcək Olimpiya Oyunlarında müvəffəqiyyətlər arzu edirəm. Onların qələbəsi Azərbaycanın, Azərbaycan idmanının, cənab Prezidentin idmana, idmançılara göstərdiyi diqqət və qayğının təntənəsidir. Firdovsi Umudov mübarizəsini yalnız güləş döşəyində aparıb. Hər yarışda, hər görüşdə niyyətimiz o olub ki, Azərbaycan bayrağı ən yüksəkdə dalğalansın və əlimiz ürəyimizin üstündə himnimizi ifa edək. Üzeyirin yurdu Şuşanı azad etdikdən sonra göz yaşı ilə dinlədiyimiz himnimizin mahiyyəti mənə daha aydın olur. Minlərlə can qurban olub, sinən hərbə meydan olub, hüququndan keçən əsgər hərə bir qəhrəman olub. Sən olasan gülüstan, SƏNƏ HƏR AN CANIMIZ QURBAN.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin