Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

17:02 - 26 Fevral 2022

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Manşet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Eyni zamanda avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.

Həmçinin Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün - fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin