Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
21:15 - 18 Fevral 2022
Məlum olduğu kimi, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında bir sıra yeniliklər tətbiq olunub. Yeniliklər müəllimlər və müəllim olmaq istəyənlər tərəfindən həm müsbət, həm də mənfi rəylərlə qarşılandı. Bəs məktəb direktorları bu yeniliklər barədə nə düşünür?
Manşet.az məktəb direktorlarının fikirlərini təqdim edir.
Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbinin direktoru Kamal Musayev:
“Bu proses getdikcə daha da təkmilləşdirilir. İmtahan müddətinin uzadılması və 100 ballıq qiymətləndirmə sisteminin tətbiq edilməsi imkan verəcək ki, namizədlər daha sərbəst olsunlar və vaxt azlığından dolayı öz imkanlarından istifadə edə bilməmək kimi bir problemlə qarşılaşmasınlar. Müəllimlik elə bir peşədir ki, bəzən burada hər hansı təlimata, yaxud qanunvericiliyə deyil, pedaqoji təcrübəyə əsaslanırıq. Buna görə də müəllimlərin metodiki bacarıqları şagirdlərlə tədris prosesində daha da təkmilləşir”.
Qusar rayonu Yuxarı Ləyər kənd orta məktəbinin direktoru Oqtay Məmmədov:
“Son illərdə müddətsiz əmək müqaviləsi ilə işə yeni qəbul olunan müəllimlər, xüsusilə ucqar kəndlərdə çalışanlar həmin tədris ili ərzində keçirilən yerdəyişmədə iştirak edərək onlara yaxın və ya dərs saatı çox göstərilən məktəbləri vakansiya seçimi zamanı seçirdilər.
Bu da öz növbəsində onların əsas iş yeri olan məktəblərdə müəllim çatışmazlığı yaratmaqdan savayı, həm də o müəllimə öyrəşən şagirdlərin nəticələrinə də birbaşa təsir edirdi. Dərsin fasiləsizlik prinsipi pozulurdu. Təzə qərar isə imkan yaradacaq ki,vakansiya seçimi zamanı müəllim daha məsuliyyətli davransın”.
Oğuz rayonu Xaçmaz kənd ümumi orta məktəbin direktoru Aynurə Səfərova:
“Müəllim bir məktəbdə ən azı üç ildən çox işləməlidir. Bir müəllim məktəbə adaptasiya olunmur, fikirləşir ki, çıxıb gedəcəm. Bu, uşaqlarda da çaşqınlıq yaradır, çünki hər bir müəllimin öz metodikası, yanaşma tərzi var. İxtisas sullarına 2 bal tətbiq olunması da müsbət haldır, çünki məktəblərə ixtisasını daha yaxşı bilən kadrlar gələcək və bu da öz növbəsində həmin ixtisasın daha yaxşı tədris olunmasına gətirib çıxaracaq”.
Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbinin direktoru Zaur Abbasov:
“Yerdəyişmə biz ucqar kəndlərdə çalışanlar üçün yaralı yer idi. Gənc müəllimlər gəlirdi və yenidən yerdəyişmə edirdilər. Bu gözəl bir addım oldu ki, müəllim ən azı üç il işləməlidir. Şagirdlər də gənc kadrlara öyrəşirdi, bir il sonra yerdəyişmə onları məyus edirdi. Hər bir müəllimin özünün düşüncə tərzi, yaradıcılıq qabiliyyəti var.
Hesab edirəm ki, müəllimlərin yerdəyişməsi ilə bağlı üç il həddinin qoyulması qərarı çox doğrudur. Mən hətta bu həddin beş il olmasını arzulayardım. Çünki müəllimin işində təkmilləşməsi, formalaşması üçün ən azı üç il lazım olur. Bundan başqa, yeni qərarlar həm də yeni məzunlara qapılar açır. Dörd səhvin bir düzü aparması yeniliyi də düzgün qəradır. Düşünürəm ki, bu daha çox məsuliyyət yaradacaq”.
Ağdam rayon I Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov:
“Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına edilən dəyişiklik və yeniliklər çox lazımlı qaydalar idi. Həm səhv cavabların düzü aparması sayəsində təsadüfilik aradan qalxır, müəllim bildiyi suallara cavab verir. Üç il işləmə məcburiyyəti də müəllimlərin şagirdlərə, şagirdlərin müəllimlərə və müəllim kollektivinin bir-birinə uyğunlaşmasında, rəhbərliklə münasibətlərin tənzimlənməsində çox əhəmiyyətlidir. Əhəmiyyətli yeniliklərdən biri olan şəhid ailələrinə üstünlük verilməsi də hər kəsin ürəyindən oldu”.
Qeyd edək ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, bu tədris ilində vakansiya seçimi iki mərhələdə olacaq: “Əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Daha sonra isə digər namizədlər seçim edə bilərlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin