Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
20:17 - 17 Fevral 2022
Qaradağlı faciəsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.
Manşet.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
K.Zeynalov bildirib ki, Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir.
Qeyd edək ki, erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini məcburi hərəkətlərlə didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb qarət edib, nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.
Erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-17-də Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüb, 2 nəfərə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, 49 nəfəri girov götürüblər. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin