Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür
5 Noyabr 2024
11:08 - 17 Fevral 2022
Fevralın 16-da Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
Görüşdə gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, qarşılıqlı sərmayə qoyuluşu, sənaye, nəqliyyat-logistika, gömrük-sərhəd, neft-qaz, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və qida təhlükəsizliyi, bank sahəsi, regionlararası əlaqələr, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Dövlət başçılarının ötən ilin noyabr ayında Soçidə keçirilmiş ikitərəfli görüşü Azərbaycan-Rusiya strateji tərəfdaşlığının növbəti təzahürü olduğu vurğulanıb.
2022-ci ilin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu bildirilib.
Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclasının cari ilin aprel-may aylarında Bakıda keçiriləcəyi səsləndirilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-Rusiya ticarət dövriyyəsinin 2021-ci ildə 12 %-dən çox artdığı və 3 milyard ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib.
Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının yola salınması iki ölkə arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilib.
Layihənin Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə, sahibkarlığın stimullaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Ölkələrimiz arasında əməkdaşlığın iqtisadi potensialının reallaşdırılmasında işgüzar missiyaların, eyni zamanda Rusiya İxrac Mərkəzinin Azərbaycan istiqamətində aktiv fəaliyyəti vurğulanıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının işgüzar dairələr arasında əlaqələrin inkişafında və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində rolu yüksək qiymətləndirilib.
Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 milyard ABŞ dollarından artıq investisiya yatırıldığı qeyd edilib.
Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.
Müxtəlif sənaye layihələri, o cümlədən avtomobil, dərman və tikinti materiallarının istehsalı, dəmir yolları, şərabçılıq, helikopter və avtomobil təmiri və s., uğurlu əməkdaşlığın təzahürü kimi qiymətləndirilib.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük əhəmiyyəti vurğulanaraq, Rusiyanın kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük istehlakçısı olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6 % artıb. Bu baxımdan Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il yanvarın 1-nə qədər uzadılması yüksək qiymətləndirilib.
Bununla yanaşı, Rusiyanın Azərbaycana mineral gübrələrin və yem bitkilərinin əsas tədarükçüsü olduğu və bu sahədə uğurlu əməkdaşlığın mövcudluğu qeyd edilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirildi, iki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6 %, tranzit daşımalarının isə 14,3 % artdığı xüsusi vurğulanıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal işin aparıldığı bildirildi. Nəqliyyat Dəhlizi üzrə vahid operator mexanizminin yaradılması perspektivləri müzakirə edilib.
Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.
Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin əməkdaşlığın bütün sahələrində möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını vurğulanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin