Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür
5 Noyabr 2024
22:26 - 16 Fevral 2022
Manşet.az xəbər verir ki, dörd aydır iki yaşlı övladının üzünü görə bilməyən ana Media.Az-a müraciət edib.
Qazaxıstan vətəndaşı olan Raksana Əzizova bu ölkədə doğulub boya-başa çatan azərbaycanlıdır.
Qadın dörd il əvvəl Azərbaycan vətəndaşı Yaqub Ramazanovla ortaq dostları vasitəsilə tanış olub və onunla ailə qurub.
Cütlük Azərbaycanda ailə qurub, iki il burada yaşayıb və onların nikahdan Zubair Ramazanlı adlı övladları dünyaya gəlib.
Körpə üç aylıq olanda ailə Qazaxıstana, Almatı şəhərinə köçüb.
Ailə qurmuş cütlüyün münasibətlərindəki gərginlik evlilikdən dərhal sonra başlayıb.
“Bilirsiniz, mənim ərim çox mürəkkəb xarakterə malikdir, o hesab edir ki, mən həmişə, hər məsələdə ona tabe olmalıyam. Vəziyyəti onun anası, qayınanam İradə Həsənova çətinləşdirir, o, məni qəbul etmir. Məni ələ salırdılar desəm, çox azını söyləmiş olaram. Toydan dərhal sonra qalmaqallar, qışqırıqlar, hücumlar başladı, ərim və qayınanam dedilər ki, mən onlar üçün heç kiməm, mənə demədikləri söz qalmırdı”, - deyə qadın bildirib.
Raksana Əzizova analıq hissindən də həzz ala bilməyib, qayınana uşağın “qayğısını” öz üzərinə götürmək qərarına gəlib. Təbii ki, o bu barədə uşağın anasından icazə almayıb, oğlu da öz növbəsində anasına hər cür “dəstəyini” verib. Raksana narazılığını bildirmək qərarına gələn kimi əri onu döyməyə başlayıb.
“Olurdu ki, saçlarımdan tutub sanki bir torba kimi məni mənzildə sürüyürdü. Qayınanam isə heç vaxt mənə dəstək olmayıb, deyirdi ki, sən heç kimsən və yerini bilməlisən. Yadımdadır, körpəm altı aylıq olanda döyülməkdən və qalmaqallardan o qədər yorulmuşdum ki, əşyalarımı yığıb, uşağımı da götürüb Atırauya valideynlərimin yanına getdim. Həyat yoldaşım və qayınanam demək olar ki, hər gün zəng edib, bir daha mənə əl qaldırmayacaqlarına söz verir, qayıtmağımı istəyirdilər. Uşağımın atasız böyüməsini istəmədim, onlara inandım və geri qayıtdım. Lakin heç nə dəyişmədi. 2021-ci ilin oktyabrında baş vermiş son qalmaqal zamanı ərim təmirdən sonra evimizdə saxladığı armaturla məni az qala öldürəcəkdi. Mən qorxdum və polis çağırdım, amma sonra əlbəttə ki, ərim və onun qohumların mənə təzyiqindən sonra şikayət ərizəmi geri götürdüm”, - deyə qadın qeyd edib.
Onun sözlərinə görə, bütün bunlardan sonra da ailədəki qalmaqallar davam edib, qayınana heç bir səbəb olmadan ərini hər gün ona qarşı qoyub.
“Polisə şikayət etdikdən sonra onlar mənə qarşı kin bəslədilər, amma uşağımı oğurlayacaqlarını ağlıma belə gətirməzdim. Həyətdə gəzintiyə çıxmaq bəhanəsilə oğlumu özləri ilə apardılar. Mən ağlıma belə gətirə bilməzdim ki, qayınanam ərimlə bərabər oğlumun oğurlanmasını planlaşdıra bilərlər. O vaxtdan bəri oğlumu görmürəm. Sonradan məlum oldu ki, onlar mənim icazəm olmadan övladımı Azərbaycana aparıblar. Sual ortaya çıxır, onlar bunu necə edə bildilər? Məsələ burasındadır ki, Qazaxıstan qanunlarına görə, əgər valideynlərdən biri uşaq kimi Azərbaycan vətəndaşıdırsa, o zaman onların digər valideynin yazılı icazəsi olmadan da Azərbaycana uçmaq hüquqları var. Qazaxıstanda müraciət etmədiyim yer qalmadı, heç bir faydası olmadı. Mən dərhal Azərbaycana gələ bilmədim, təəssüf ki, pandemiya səbəbindən bunu etmək mümkün deyildi. Yalnız dekabrın əvvəlində Bakıya uçdum, amma qayınanam dedi ki, mən ancaq uşağa baş çəkə bilərəm, başqa nəyəsə ümid etməyim mümkün deyil. Amma mən anayam, oğlumun cəmi iki yaşı var, onu oğurlayanda mən hələ körpəmə öz südümü verirdim. Başa düşün, o mənə çox bağlıdır. Mənsiz o, daim xəstələnir, amma mən ona heç nə ilə kömək edə bilmirəm, məni sadəcə olaraq onun yanına buraxmırlar”, - ana göz yaşlarını güclə saxlayaraq danışıb.
Raksana xanım hazırda Bakıda qohumlarının evində yaşayır.
Onun əri mediasiya üçün ərizə versə də, məhkəmə iclasına gəlməyib.
Xatırladaq ki, ötən il Azərbaycanda “Mediasiya haqqında” qanun qüvvəyə minib. Ailə, əmək, mülki və iqtisadi mübahisələrdə münaqişə tərəfləri arasında tənzimlənmə zamanı mediasiya prosesindən istifadə olunur. “Mediasiya haqqında qanun”a əsasən, mediasiyanın məqsəd və prinsipləri tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
“Dekabrın 21-də yoldaşım mediasiya prosesinə gəlmədiyi üçün vasitəçidən arayış götürüb məhkəməyə ərizə verdim, dekabrın 30-da Yasamal Rayon Məhkəməsi ilkin qərar çıxardı, qərara əsasən, nə qədər ki, boşanma proses davam edir, həyat yoldaşım mənə dörd gün ərzində (cümə, şənbə, bazar və bazar ertəsi) uşağı verməyə borcludur. Keçmiş ərim və onun anası məhkəmənin qərarını yerinə yetirmir, məhkəmə icraçıları isə naməlum səbəblərdən fəaliyyətsizdirlər”, - deyə qadın şikayət edir.
Raksana Əzizova narazıdır, çünki dekabrın 30-da qərar verilib, amma hələ də icra olunmayıb.
“Bu gün fevralın 15-idir və mən hələ də körpəmi görə bilmirəm. Mən vəkilimlə məhkəmə icraçısının, Yasamal rayon məhkəmə icraatının təşkili şöbəsinin müdiri, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyevin yanına getdim. Birlikdə keçmiş ərimin yaşadığı ünvana getdik, amma heç kim qapını açmadı və məhkəmə icraçıları sadəcə çiyinlərini çəkdilər. Azərbaycanın ədliyyə nazirinə, Prezidentə və Birinci vitse-prezidentə yazılı müraciət etdim... Mən çarəsiz durumdayam, nə edəcəyimi bilmirəm...”, - qadın vurğulayıb.
Raksana Əzizova qeyd edib ki, məhkəmə icraçıları ona verdiyi son cavabda Yaqub Ramazanovun məcburi şəkildə prosesə gətirilməsinə dair qərar qəbul etdiklərini bildiriblər və müvafiq sənədi məhkəməyə göndəriblər.
“Sənədin surətində çoxlu səhvlər var, məni iddiaçı kimi təqdim etmək əvəzinə, əksinə, məni orada cavabdeh, keçmiş ərimi isə iddiaçı kimi göstərirlər. Bundan əlavə, hazırda oğlumu öz yanında saxlayan qayınanamın adı orada ümumiyyətlə çəkilmir. Başa düşürsünüzmü ki, mən hüquqi strukturlar tərəfindən qərəzli münasibət hiss edirəm, mənim xeyrimə qərar verilib, amma praktikada icra olunmur. Vəkilim müəyyən edib ki, icraçılar yuxarıdakı sənədi məhkəməyə belə göndərməyiblər. Bundan əlavə, ərim artıq bir neçə dəfə mənə “hamını ələ aldığını" bildirib və heç nəyə nail olmayacağamı söyləyib. Amma mən Azərbaycanda qanunun düzgünlüyünə inanıram! Ümid edirəm ki, bu iş ictimailəşəndən sonra müvafiq strukturlar buna diqqət yetirəcək”, - qadın sözünü tamamlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin