10 il AMEA-da, 10 il polisdə 13600 manat maaş

17:19 - 9 Yanvar 2022

10 il AMEA-da, 10 il polisdə 13600 manat maaş

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Manset.az Pravda.az-a istinadən dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəni təqdim edir:

Layihədə Bakı şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi Qalib Rəhimovdan bəhs edəcəyik.

Rəhimov Qalib Arif oğlu (Qalib Arif) Qax rayonunda dünyaya gəlib. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Daha sonra 10 il Elmlər Akademiyasında işləyib. Qalib Arif 1990-cı ildən mətbuat sahəsində işləyir.
O,  “Aydınlıq” və “Xalq qəzeti” qəzetlərində siyasi icmalçı olub. 2008-ci ildən 2018-ci ilə qədər Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin baş redaktoru və mətbuat xidmətinin rəisi vəzifəsini daşıyıb.

Mətbuat katibliyi dövründən danışan Qalib Arif bildirir ki, 10 il  Bakı Polisinin mətbuat xidmətinə rəhbərlik edib:

“Həmin dövrdə jurnalist kimi sistemi içəridən müşahidə etmişəm. Hazırda müstəqil jurnalistəm, düşünürəm ki, on il ərzində polisdə eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi sərbəst şəkildə oxucuların ixtiyarına verə bilərəm. Paytaxt polisində hələ ləzzətlə “Milis hekayələri” yazırdım, həvəslə “Polis” qəzeti buraxırdım. Şənbə-bazarsız səhər tezdən işə gedib axşam gecdən qayıdırdım. Yalan olmasın, gündə 10 saat kompüterin qabağında otururdum, xəbər məkanında olurdum”.

Sabiq mətbuat katibi qeyd edir ki, “Polis” qəzetinin son səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırıb:

“Araşdırma zamanı məni narahat edən bəzi suallara cavablar tapdım. Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidmətinin) orta aylıq maaşı 7-8 min dollar(13600 manat) arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 4-5 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azərbaycana da gələn, şortik geyinən qoca turistlərin böyük əksəriyyəti Amerika, Avropa polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin əməkdaşlardır”.

Onun sözlərinə görə, həmin polislər bir dəfə səhv edərlərsə, hər şeylərini itirirlər:

“Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Ona görə də kimin savadlı, kimin savadsız olduğunu kənd müəllimindən daha yaxşı bilirəm. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, paytaxt polisində onlarla elə işıqlı, ensiklopedik savadlı adamlar var ki, nəinki elmlər namizədi, elmlər doktoru, birbaşa akademik olmağa layiqdirlər. Təbii ki, polisdə savadsızlar da var, amma belələri, Elmlər Akademiyasında, bizim mətbuatda, təhsil sistemində də yetərincədir”.

Qalib Rəhimov 2500-dən çox ictimai-siyasi məqalənin, yüzlərlə hekayənin, 3 kitabın müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin