"Əhalinin gəlirlərində bir artım yox, qiymətlər hədsiz bahalaşıb..." - Deputat

13:02 - 1 İyul 2021

"Bu məsələ ilə bağlı kifayət qədər ciddi bir əsaslanma olmalıdır. Ola bilsin ki, təbii qazın qiymətinin qaldırılması iqtisadi şərtlərin tələbi ilə baş verir, amma qiymətlərin artımı o halda mümkün sayılır ki, əhalinin gəlirləri də artsın".

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı və Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa əhaliyə verilən təbii qazın qiymətinin qaldırılması ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib.

O bildirib ki, bu məsələyə daha əsaslandırılmış izahat vermək hökumətin vəzifəsidir:

"Əhalinin gəlirlərində bir artım yox, qiymətlər hədsiz bahalaşıb, tikinti materiallarının qiyməti də bahalaşıb. İnhisarçılıq da elə bir vəziyyətə gəlib çıxıb ki, müəyyən problemləri həll etməkdə vətəndaş çətinlik çəkir. Pandemiyadan sonra sahibkarlığın dirçəlməsini müşahidə etmək çətindir. Ona görə də, bunun mütləq ciddi bir əsaslandırılması olmalıdır və qiymətlər qalxarkən daha çox aztəminaatlı və ortatəminatlı təbəqənin maraqları nəzərdə tutulmalıdır. Yəni onlara təsir etməməlidir. Əgər kimsə həddindən artıq istifadə edirsə, o təbəqə üçün qazın qiymətinin artırılması nəzərdə tutula bilər ki, qənaət buradan başlamalıdır. Çünki aztəminatlı, orta təbəqəyə aid insanlar, onsuz da, gəlirləri aşağı olduğuna görə, qənaət rejimi ilə çalışdırmağa meyillidirlər. Ona görə də, daha böyük firmalar, daha böyük obyektlərin fəaliyyəti ilə məşğul olanlar üçün, müəyyən dərəcədə qiymət artımı etmək daha doğru olar. Amma bu qərar, mütləq aztəminatlı insanları da öz təsiri altında saxlayacaqdır və bu da, ödəniş məsələsində böyük çətinliklər yaradacaqdır. Hərhalda bu məsələ ilə bağlı milli televiziyalarda, mətbuatda müvafiq qurumun təmsilçiləri açıqlama verdilər və hesab edirəm ki, kifayət qədər çalışırlar ki, cəmiyyətə izah eləsinlər. Bəlkə də haqlılıq payı var, amma söylədiyim kimi, əhalinin gəlirlərinin artırılması istiqamətində fəaliyyət güclənməlidir. Bu da, özəl sektorun önünün açılmasıdır. Özəl sektor yenə də dirçələ bilmir. Xüsusilə pandemiyadan sonrakı dövrdə yenə də müəyyən problemlər yaşayır və problemlər də daha çox bürokratik mexanizmin özəl sektor üzərində yönəldici qərarlar, təlimatlar, istiqamət verməsindən qaynaqlanır. Sərbəstlik olmayanda, hansısa bir funksiyanı həyata keçirmək mümkün deyil. Təbii ki, dövlətin qarşısında problemlər çoxdur, müharibədən sonrakı çətinliklərin hamısı var. Amma məncə, bu istiqamətdə cəmiyyətlə daha açıq, sadə bir izahat işi aparılmalıdır. Baxın, əmək pensiyaları ilə bağlı məsələdə, əlilliklə bağlı məsələdə sanki sosial gərginliyin artmasına səbəb ola biləcək davranışlar daha qabarıq göstərilir. Biz çalışmalıyıq ki, sosial gərginlikdən cəmiyyəti bir az uzaq tuta bilək və bu, ümumi strateji kursumuza ziyan vurmasın. Digər sahələrdə də, hər hansı bir islahat, dəyişiklik baş verirsə, bu məsələlər üzərində ehtiyatla davranmaq lazımdır ki, əhalinin onsuz da gərgin vəziyyətdə olan psixoloji durumunu daha da artırmayaq. Hərhalda bu məsələ, söylədiyim kimi, sosial şəbəkədə müzakirə olunursa, normaldır və bu məsələyə də daha əsaslandırılmış izahat vermək hökumətin vəzifəsidir".

F. Mustafa təbii qazın qiymətinin qaldırılmasına etiraz olaraq sosial şəbəkələrdə açılan #EtirazEdirem həştəqinə qoşulmayacağını bildirib və bunun səbəbini belə izah edib:

"Mən ümumiyyətlə sosial şəbəkədə hər hansı aksiyaya qoşulmuram, çünki, sosial şəbəkənin diktəsi ilə, kütləvi diktə ilə davranmağı heç vaxt qəbul eləmirəm. Çünki, çox zaman bu aksiyaların bir qismi də sosial xarakterli nəyisə əldə etmək məqsədi güdmür, daha çox siyasi xarakterli olur və insanları istənilən istiqamətə yönləndirirlər. Təsəvvür edin ki, təkcə insanların kommunal maraqları ilə bağlı məsələ deyil, istənilən məsələdə hansısa bir istiqamətdən yönləndirəndə, yenə də həştəqlərlə böyük əksəriyyət orada iştirak edəcək. Çünki, sadəcə etiraz edim deyə, mahiyyətin üzərində düşünmədən davranan bir çoxluq olduğunu nəərə alaraq, ümumiyyətlə bu kampaniyalara qoşulmuram, amma bütövlükdə bu qiymətlər artımını da təqdir eləmirəm".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin