“Azərbaycanda rəqiblər bizə qarşı özlərini səfərdə hiss edəcəklər” - Şenol Günəş

09:43 - 11 İyun 2021

“Azərbaycanda rəqiblər bizə qarşı özlərini səfərdə hiss edəcəklər” - Şenol Günəş

“İtaliya bir dəfə dünya çempionatından kənarda qalanda yer yerindən oynayır. Bizim kimi, onlar da futbol sevdalısıdırlar”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin A qrupunun ilk turunda İtaliya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Romadakı açılış matçında hədəflərinin meydanı müsbət ab-havada tərk etmək olduğunu söyləyib: “Futbolçularımdan qeyri-adi bir şey tələb etmirəm. Bəzən onlar da bizdən üstün olacaqlar. Əsas odur ki, görüş bitdiyi zaman aldığımız xalların sevincini yaşayaq. Heyətimizdə İtaliya çempionatında çıxış edən oyunçular var. Bu, onlar üçün üstünlükdür. Amma onlar da tək başına nəsə edə bilməzlər. Komanda şəklində oyuna hazırıq. Turnirə favorit qismində qatılmırıq, amma favoritlər sırasına düşməyi xəyal edirik. İlk hədəf qrupdan çıxmaqdır. İnşallah, İtaliya ilə finalda da qarşılaşarıq”.

Özlərini səfərdəki kimi hiss etdiklərini vurğulayan Günəş qrup mərhələsinin Uels (16 iyun) və İsveçrə (20 iyun) ilə Bakıda keçirəcəkləri matçlarında rəqiblərin bu atmosferdə olacaqlarını bildirib: “Bura gələnə qədər 4 dəfə hərarətimizi yoxladılar. Əsl səfər ab-havası yaşayırıq. Düşünürəm ki, Azərbaycanda da rəqiblər bizə qarşı özlərini səfərdə hiss edəcəklər”.

Qeyd edək ki, Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin