Bu halda aliment azaldıla bilər - Boşananların nəzərinə

13:08 - 7 Aprel 2025

Bu halda aliment azaldıla bilər - Boşananların nəzərinə

Ölkəmizdə aliment məsələlərində hələ də bir sıra problemlər mövcuddur. Bunlar həm hüquqi, həm də sosial baxımdan ciddi əhəmiyyət kəsb edir. Aliment ödənişlərinin vaxtında və tam şəkildə ödənilməməsi, bir çox hallarda ailə münaqişələrinin artmasına səbəb olur. Bəzi hallarda aliment borcları illərlə yığılır, bu da uşaqların və digər ailə üzvlərinin maddi vəziyyətinə mənfi təsir göstərir. Bəzən alimentin verilməsi daha da çətinləşir. Məsələn, həbsdə olan şəxslər aliment məsələləri bəzi çətinliklərlə üzləşə bilər. Belə ki, həbsdə olan şəxsin gəlirinin olmaması aliment ödəməklə bağlı öhdəliklərini yerinə yetirməsində çətinlik yaradır. Bəs, şəxsin həbsdə olması aliment öhdəliyindən azad edirmi? Aliment ödənməyidiyi halda şəxs haqqında hansı tədbirlər görülür?

 

Mövzu ilə bağlı Manset.az-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, şəxsin həbsdə olması onu aliment öhdəliyindən azad etmir:

"Həbsdə olan şəxsə qarşı alimentin tələb və müəyyən edilməsi mümkündür. Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxs müəyyən gəlirlərə malik ola bilər. Məsələn, o, mülki hüquq münasibətlərinə uyğun olaraq aylıq gəlir əldə edə və ya azadlıqdan məhrum etmə yerlərində haqqı ödənilməklə müəyyən əməyə cəlb edilə bilər. Bu halda, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment onun gəlirindən tutulub ödənilə bilər. Alimentin ödənilməsi isə məhkəmə qətnaməsinin icrasını həyata keçirən icra məmuru və ya azadlıqdan məhrum etmə yerinin rəhbərliyi tərəfindən təmin olunmalıdır.

Əgər şəxsin heç bir gəliri yoxdursa, o zaman alimenti ödəyə bilməyəcək. Lakin bu halda belə, yığılmış aliment borcu silinmir. Alimentin ödənilməməsi üzürlü səbəblə bağlı olduğu üçün həmin şəxs məsuliyyətə cəlb edilməyəcək. Yığılmış aliment borcunun silinməsi məsələsinin borclu şəxsin məhkəməyə müraciəti əsasında həll edilə biləcəyini bildirib".

Sadiq Əfəndiyev qeyd edib ki, müəyyən hallarda məhkəmə qaydasında aliment məbləği artırıla və ya azaldıla bilər:

"Alimentin ödənilməməsi, məhkəmə qətnaməsinin icra edilməməsi deməkdir. Məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi ilə bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. İnzibati məsuliyyətə görə, şəxslər beş yüz manatdan min manatadək cərimə və ya bir ayadək müddətə inzibati həbsə cəlb oluna bilərlər. Cinayət məsuliyyəti isə iki min manatdan dörd min manatadək cərimə, üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri və ya üç ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

Lakin şəxs məhkəmə qətnaməsini həmin qətnamənin icra edilməməsi ilə  bağlı inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarı qəbul edilənədək, cinayət işi üzrə hökm qanuni qüvvəsini alanadək tam icra etdikdə məsuliyyətindən azad edilir".

 

Seyranə Quliyeva


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin