2 ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirildi

18:15 - 11 Mart 2025

2 ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirildi

Bu gün Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib: "Bu gün keçirilmiş Azərbaycan-İspaniya biznes forumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərimizi bölüşdük”.

Nazir bildirib ki, görüşdə "Azərbaycan İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək".

Strateji İqtisadi Dialoqun iclasında İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələr arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.



Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin