Həkimlikdən dövlət xadimliyinə gedən yol - Əziz Əliyevin nümunəvi həyat yolu

17:00 - 6 Mart 2025

Həkimlikdən dövlət xadimliyinə gedən yol - Əziz Əliyevin nümunəvi həyat yolu

Böyük ispan filosofu Orteqa Qassetə görə, bizim doğulduğumuz və yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır: “Bu dünya təkcə insanlardan deyil, bir qədər dumanlı şəkildə ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir”.


Bu mənada Əziz Əliyevin alim və dövlət xadimi kimi keşməkeşli həyatı qeyd olunan məqamları özündə ehtiva edir.

Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Onun acılı-şirinli uşaqlığı, gəncliyi və məktəb illəri doğma, doğma olduğu qədər də başıbəlalı, tez-tez aydın səmasını qara buludlara qərq etdiyi İrəvanla bağlı olub. Bu qədim Azərbaycan şəhərinin ziyalı mühiti, qaynar ictimai-siyasi və elmi-mədəni abu-havası Əzizin həyatında silinməz işlər qoyaraq onun sonrakı inkişafında hərtərəfli və güclü  şəxsiyyət kimi yetişməsində müstəsna rol oynamışdı. İlk təhsilini İrəvandakı “Rus-tatar” məktəbində alan Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmişdi. Uşaqlıqdan həkim olmaq arzusunda idi... 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gəncinə göstərdiyi maddi yardım sayəsində o, Petroqrada (indiki Sankt-Peterburq – A.O) gedir və orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan Hərbi Tibb Akademiyasına daxil olur.

Bu barədə 2022-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında Prezident İlham Əliyevin vəfakar nitqi xüsusi əhəmiyyət kəsb edir: “...Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır”.

1918-ci ildə doğma yurdu İrəvana qayıdan Ə.Əliyev burada dəhşətli mənzərə ilə üzləşir. O, Erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirir, bir müddət sonra isə Şahtaxtı kəndinə köçür. Ailəsinin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevə təhsilini davam etdirməyə imkan vermir. Lakin xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması ona çətinliklərə mətanətlə sinə gərməkdə kömək edir.  1923-cü ildə ali tibb təhsilini davam etdirmək məqsədilə ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçür. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini əla qiymətlərlə başa çatdıran Əziz Əliyev elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır.

Əziz Əliyev Azərbaycan xalqı üçün əhəmiyyətli bir dövlət xadimi və daima millətinin sağlamlığını düşünən dəyərli həkimdir. O, həkim kimi səhiyyə sahəsində bir çox islahatların həyata keçirilməsində iştirak edib, xəstəliklərin qarşısının alınması mövzusunda ciddi elmi işlər aparıb və Azərbaycanın səhiyyə sisteminin inkişafına töhfə verib. Ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, Xalq Səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Əziz Əliyev həm də müasir tibb elminin inkişafında mühüm rol oynayıb. O, Azərbaycanın səhiyyə sahəsinin təkmilləşdirilməsi üçün müxtəlif elmi və praktiki təkliflər irəli sürərək səhiyyə sahəsində təhsil almış bir çox mütəxəssisə rəhbərlik edib. Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti ilə təkcə həkimlik sahəsində deyil, həm də dövlət idarəçiliyində və cəmiyyətin inkişafında böyük rol oynamış bir şəxsiyyətdir. Onun səhiyyə xidmətlərinin daha geniş təbəqələrə yayılması üçün apardığı islahatlar nəticəsində bölgələrdə və kəndlərdə tibbi xidmətlərin keyfiyyəti artıb.  Azərbaycanın müxtəlif sosial problemlərinin həlli ilə məşğul olub, xüsusilə əhalinin sağlamlığı ilə bağlı bir çox dövlət təşəbbüslərinin rəhbəri idi.

1998-ci ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən ulu öndər Heydər Əliyev alimin şəxsiyyəti ilə fəaliyyəti arasındakı vəhdəti xarakterizə edərək demişdi: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimlərilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi”.

 Əziz Əliyevlə Dağıstanda və Təbrizdə bərabər olan yazıçı dostu İmran Qasımov öz xatirələrində qeyd edir: “O, kitabı çox sevirdi. Orduda da, Dağıstanda da, Moskvada və Bakıda da - hər yerdə həmdəmi kitablar idi, özü də onu maraqlandıran bütün problemlərin cavabını və həllini onlarda tapırdı”.

2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Dağıstan Respublikası başçısının “Əziz Əliyev və Dağıstan” adlı kitaba müəlliflik etməsinə, kitabda Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən müharibəsi illərində göstərdiyi fəaliyyətinin işıqlandırılmasına görə təşəkkürünü bildirib.

Məlum olduğu kimi, Əziz Əliyevin Dağıstan xalqının tarixində misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar. Dağıstanda qırxdan çox millət bu həqiqətə baş əyir və bu tarixi, bu qədirbilənliyi gəncliyə bir dastan kimi təqdim edir.

Əziz Əliyevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyəti də Vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olub. O, müəyyən dövrdə Azərbaycan Dövlət Tibb İnstitutuna, həm də Əczaçılıq İnstitutuna rəhbərlik edib, 1937-ci ildə isə paralel şəkildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Əziz Əliyev Böyük Vətən müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam olunur. 1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildikdən on gün sonra Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov Moskvaya çağırılır. Azərbaycanda səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Cənubi Azərbaycana göndərilməsinə dair razılıq əldə edilir.  Beləliklə, Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılır. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda onunla bərabər çalışan ziyalılarımız - Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqaları öz missiyalarını layiqincə yerinə yetirirlər. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz xatirələrində yazırdı: “Əziz Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götürürdü”.

Azərbaycanın dövlət idarəçiliyində, ictimai-siyasi və sosial inkişafında böyük xirmətləri olan Əziz Əliyevin xatirəsi bu gün də böyük hörmətlə anılır. Elm və ictimai-siyasi tarixinə nəzər saldıqda bu məzmun və mahiyyətdə az insana rast gəlmək mümkündür.  Tibb sahəsi ilə birlikdə ölkənin ictimai-siyasi mühitində də fəal şəkildə çalışmaq hər kəsin edə biləcəyi iş deyil. Bunun üçün yüksək intellekt, əzmkarlıq, vicdan və xalqına sonsuz sevgi lazımdır. Xalqına və dövlətinə ləyaqətlə xidmət edən Əziz Əliyevin misilsiz xidmətləri heç vaxt unudulmayacaq, onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

 

Anar Osmanlı

ADU rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması,

Hamamlı rayon Saral icma sədri

 

 



Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin