"Bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi tarixi bir zərurətdir" - AÇIQLAMA
6 Mart 2025
17:08 - 5 Mart 2025
“İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur”.
Manset.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, uşaq bu sözləri eşidəndə nəticənin təkcə sadəcə imtahanla bağlı olmadığını, bütün gələcəyinin məhv olduğunu düşünməyə başlayır:
“Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır. İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi problemlərə səbəb ola bilər. Gənclər imtahandakı uğursuzluğu həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı olmadığını göstərməlidirlər. “Bu imtahan sənin həyatını müəyyən etmir” və ya “Nəticə necə olursa-olsun, sən bizim üçün dəyərlisən” kimi cümlələr gəncə psixoloji rahatlıq verə bilər”.
Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın dəyərini və gələcəyini müəyyən etmir:
“Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü mübarizə aparmağı öyrənirlər. Çünki abituriyentlər üçün imtahan dövrü yalnız akademik bilikləri sınamaq deyil, eyni zamanda, psixoloji dayanıqlılığın sınağa çəkildiyi bir mərhələdir. Bu dövrdə valideynlərin övladlarından yüksək akademik nəticələr gözləməsi və bununla bağlı təzyiq göstərməsi gənclərin özünəinamını azaldır, emosional sabitliyini pozur və uzunmüddətli akademik uğurlarına mane olur. Əsas olan gənclərin özlərinə inamlı, motivasiyalı və emosional dayanıqlı olmalarına kömək etməkdir. Düzgün psixoloji dəstək və anlayışlı yanaşma həm akademik, həm də fərdi inkişaf üçün ən güclü təməldir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin