Prezidentin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilir
24 Fevral 2025
13:05 - 24 Fevral 2025
Xocalı qətliamından 33 il keçir. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bəşəriyyət tarixinin ən qanlı hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində amansız qətliam törətmişdir. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Xocalı faciəsi yalnız hərbi işğal deyil, etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi. Azərbaycan xalqına qarşı aparılan bu qanlı kampaniya Ermənistanın işğalçılıq siyasətinin və beynəlxalq hüquq normalarına hörmətsizliyinin açıq təzahürüdür.
Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə üzləşirdi.1991-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da güclənmiş, Qarabağda silahlı qarşıdurmalar artmışdı. Sovet İttifaqının dağılması ilə yaranan siyasi boşluq Ermənistanın bu bölgədəki separatçı qüvvələrini aktivləşdirdi. Xocalı 1991-ci ilin oktyabr ayından etibarən tam mühasirəyə alınmışdı və şəhərin əhalisi hər cür humanitar yardımdan məhrum edilmişdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi.
Faciənin əsas səbəblərini qeyd edərkən Ermənistanın Xocalının strateji əhəmiyyəti və onun nəzarət altına alınması məqsədini, Azərbaycan xalqını qorxutmaq və etnik təmizləmə siyasətini həyata keçirməyi və Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək üçün dinc əhalini tam məhv etmək istəyini bildirmək lazımdır.
Faciənin Gedişatı və Törədilən Cinayətlər haqqında bəhs edərkən bildirmək istərdim ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal etməyə başladı. Sovet ordusunun 366-cı motoatıcı alayı bu hücumda həlledici rol oynadı. Şəhər ağır artilleriya və tanklarla atəşə tutuldu, evlər yandırıldı, qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla öldürüldü.Soyqırımı zamanı 13 nəfər öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. 487 nəfər ağır yaralanıb.1275 nəfər əsir götürülüb və onlara işgəncələr verilib. 150 nəfərin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi işgəncələrlə qətlə yetirilib. Bu rəqəmlər Xocalıda baş verən dəhşətli qətliamın miqyasını açıq şəkildə göstərir. Bu, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyasına tamamilə zidd olan hərəkətlər idi.
Xocalı faciəsi bəşəriyyət tarixində törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti uzun illər boyu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər görmüşdür. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar artıq Xocalı soyqırımını tanımışdır. Bu ölkələr arasında Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Sudan və Honduras kimi dövlətlər var. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi qiymətləndirmişdir. Bununla belə, dünya dövlətlərinin və beynəlxalq təşkilatların əksəriyyəti hələ də Xocalı faciəsinə lazımi hüquqi qiyməti verməmişdir. Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək istəyən bəzi dairələr bu hadisənin soyqırımı kimi tanınmasına mane olmağa çalışırlar.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfərlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Xocalı şəhidlərinin ruhunu da şad etdi. Azərbaycan ordusu Ermənistanın işğal etdiyi torpaqları geri qaytararaq haqq-ədaləti bərpa etdi. Azərbaycanın əldə etdiyi Qələbə bu məsələnin beynəlxalq miqyasda daha geniş müzakirə olunmasına səbəb oldu. Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda və beynəlxalq məhkəmələrə çıxarmaqda davam edir.
Bu kontekstdə, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevin təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası və Azərbaycan Respublikasının apardığı diplomatik mübarizə soyqırımı cinayəti ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılmasına xidmət edir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmış bir faciədir. Əldə olunan tarixi Zəfərlər, Xocalıda həlak olanların qisasının alınması deməkdir. Lakin Xocalı faciəsini törədən cinayətkarlar hələ də beynəlxalq məhkəmələr qarşısında cavab verməyib. Azərbaycanın haqq mübarizəsi davam edəcək və Xocalıya ədalət bərpa olunana qədər dayanmayacaqdır.
Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin