Prezident Dövlət Agentliyinin əsasnaməsi və strukturunu TƏSDİQLƏDİ

18:48 - 12 Fevral 2025

Prezident Dövlət Agentliyinin əsasnaməsi və strukturunu TƏSDİQLƏDİ

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərmanlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilsin.

Agentlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.

Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin