Mədəniyyət Nazirliyi müsabiqə elan edir

10:35 - 11 Fevral 2025

Mədəniyyət Nazirliyi müsabiqə elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Vətən müharibəsində Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edir.

 

Manset.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd milli-mədəni dəyərləri, cəmiyyətin və dövlətin ideoloji maraqlarını, mövcud dövrün mədəni  tələblərini və beynəlxalq təcrübəni ehtiva edən əsərlərin ərsəyə gətirilməsi və ölkədə bəstəkarlıq yaradıcılığına rəvac verilməsidir. 

Müsabiqə aşağıdakı iki mərhələdən ibarətdir:
1-ci mərhələ - layihələrin qəbulu;
2-ci mərhələ - layihələrin qiymətləndirilməsi.
•    Тəqdim olunmuş əsərlər  2025-ci il oktyabrın 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaqdır.
•    Müraciətə aşağıda qeyd olunan sənədlər əlavə edilməlidir:
müəllifin tərcümeyi-halı
müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti
təqdim olunan əsər haqqında annotasiya 
təqdim olunan əsərin notları 
təqdim olunan əsərin səs yazısı (elektron və ya canlı ifa)
•    Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir: 
•    Orkestr üçün - təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7-8 dəqiqəlik vaxt həcmində olmalıdır;
•    Xor ilə orkestr üçün  - təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) dördsəsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10-15 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqədə yaş məhdudiyyəti olmadan yalnız ali bəstəkarlıq təhsili olan müəlliflər iştirak edə bilərlər. 
İştirakçılar  əsərin partiturasını və CD yazısını (elektron səslənmədə), müəllifin adı göstərilmədən deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına şəxsən, yaxud poçt göndərişi ilə  təqdim еtməlidirlər. 
Müəllif haqqında şəxsi məlumatlar (şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətləri, ünvan, telefon) üzərində yalnız eyni deviz qeyd olunmuş  kiçik zərfdə əlavə edilməlidir. 

Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:
I yer  –  7000 manat
II yer –  5000 manat
III yer –  3000 manat.

Mükafatlandırma zamanı əsərin elan olunmuş mövzuya sadiqliyi, məzmuna yanaşmada səmimilik, yeni baxış nümayiş olunması və ideyanın ifadəsində peşəkarlıq səviyyəsi əsas meyarlar kimi nəzərə alınacaqdır.     
Müsabiqənin maliyyələşdirilməsi “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin