13 İllik Bank Təcrübəsindən Otelçilik Sektoru Liderliyinə

13:57 - 3 Fevral 2025

13 İllik Bank Təcrübəsindən Otelçilik Sektoru Liderliyinə

Bugün Azərbaycan dünyanın maraq nöqtəsinə çevrilib. Ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi turistlər üçün olduqca cəlbedicidir. İnkişaf etməkdə olan turizm sektoru həm də yüksəksəviyyəli mütəxəssislərin yetişdirilməsi, mükəmməl xidmət və xüsusi təqdimat zərurəti yaradır.

 

Otelçilik sahəsində böyük təcrübəyə Ağa Əliyev Manset.az-a bu sahənin incəliklərindən söz açıb.  

Karyera yolunuzun necə başladığını və otel biznesinə necə gəldiyinizi bizimlə bölüşə bilərsinizmi?

Mənim karyeram Azərbaycanın ən iri banklarından birində hüquq departamenti üzrə mütəxəssis vəzifəsindən başlayıb. Bank sektorunda 13 il çalışmışam. Bu illər ərzində səyahət etməyi çox sevirdim və dünyada 40-a yaxın ölkəyə, çoxsaylı şəhərlərə səfər etdim. Müxtəlif mədəniyyətləri gördüm, fərqli yerlərdə – müxtəlif kateqoriyalardan olan otellərdə, mənzillərdə və apartamentlərdə qaldım. Həmişə istəyirdim ki, başqa ölkələrdən gələn insanlara da bizim ölkəmizi, mətbəximizi və qonaqpərvərliyimizi göstərim.

Bir gün dostum mənə o vaxt populyarlıq qazanan bir saytda mənzilimi icarəyə verməyi təklif etdi. Mən bunu yeni bir işə başlamaq üçün fürsət kimi gördüm.

Bir mənzil ilə başladım və bir il ərzində artıq 15 apartament, tam heyət, xidmət personalı və ofisimiz var idi. Turist axını artırdı və insanlara münasib qiymətlərlə keyfiyyətli yerləşmə yerləri lazım idi. Beləliklə, işimiz irəlilədi və 2017-ci ildə ilk butik otelimi açmağa qərar verdim. Hal-hazırda isə Nizami Hospitality Group otellər şəbəkəmizi uğurla inkişaf etdiririk.

Otellərinizin rəqiblərdən fərqli üstünlükləri nədir?

Bizim məqsədimiz hər bir xarici qonağa otellərimizdə rahat və təhlükəsiz bir mühit təqdim etməkdir. Biz bütün otellərimizdə qonaqlar üçün dünya standartlarına uyğun xidmət səviyyəsini qoruyuruq. Otellərimizin əsas üstünlüyü isə şəhərin mərkəzində, bütün mühüm tarixi-mədəni abidələrlə əhatə olunmuş əlverişli yerləşməsidir. Eyni zamanda, otellərimiz ölkəmizin tarixi irsinə yüksək qiymət verir və hər bir qonağa Azərbaycan atmosferini və koloritini çatdırmağa çalışır.

Son illər Azərbaycanda turizmin inkişafını necə qiymətləndirirsiniz?

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda turizm iqtisadi və mədəni sektor kimi inkişaf etməkdə davam edir. Onun bu sahəyə diqqəti ölkəmizin zəngin tarixini, mədəniyyətini və qonaqpərvərliyini dünyaya nümayiş etdirməyə imkan verir. Bu da Azərbaycanı dünyanın müxtəlif yerlərindən gələn turistlər üçün məşhur bir istiqamətə çevirir.

Son illərdə Azərbaycan turizmin inkişafında böyük nailiyyətlər əldə edib. Bakı “Eurovision”, Formula-1, COP 29 və müxtəlif forumlar kimi beynəlxalq tədbirlərə ev sahibliyi edərək ölkənin tanınmasını artırıb.

Düşünürəm ki, dövlət bu sahəni aşağıdakı istiqamətlərdə dəstəkləməyə davam etməlidir:

1. Reklam və təbliğat: Azərbaycanın beynəlxalq bazarlarda tanıdılması üçün marketinq təşəbbüslərinin və beynəlxalq sərgilərdə iştirakın dəstəklənməsi vacibdir.

2. Regionların inkişafı: Regionlarda turizm infrastrukturunun gücləndirilməsi, kiçik otellərin və ailəvi qonaq evlərinin dəstəklənməsi turist axınını artıracaq.

3. Maliyyə dəstəyi və güzəştlər: Kiçik və orta otellər üçün vergi güzəştləri və ya əlçatan kredit proqramları biznesin inkişafı üçün güclü motivasiya yarada bilər.

4. Kadr hazırlığı: Turizm sahəsində çalışanlar üçün təlim və ixtisasartırma proqramlarının təşkili xidmətin keyfiyyətini artıracaq.

Bu istiqamətlər gücləndirilsə, biz sahibkarlar ölkəmizin turizm potensialını daha effektiv istifadə edə bilərik.

Otelçilik sahəsində biznesə başlamaq istəyənlərə nə məsləhət verərdiniz?

Başlayan sahibkarlara tövsiyəm:

İşinizdə səmimi olun və hər bir qonağa ən vacib insan kimi yanaşın. Otelçilik sadəcə qazanc əldə etmək deyil, hər bir qonağın qalmasını rahat və unudulmaz etmək istəyidir. Çətinliklərə baxmayaraq, irəli gedin, işinizə inanın – bunu qonaqlar mütləq hiss edəcək.

Bu işdə ən vacib keyfiyyətlər...

Səmimiyyət, mehribanlıq, dözüm və məsuliyyət. Siz hər bir xarici qonaq üçün Azərbaycanın mədəniyyətini və qonaqpərvərliyini təmsil etdiyinizi unutmayın.

 

 


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin