Azərbaycan və Misir arasında fövqəladə hallarla bağlı müzakirələr aparıldı

14:32 - 3 Fevral 2025

Azərbaycan və Misir arasında fövqəladə hallarla bağlı müzakirələr aparıldı

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Kəmaləddin Heydərov Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə uzun illərə söykənən sıx əlaqələrin mövcud olduğunu xatırladıb. Bu çərçivədə, nazir bu gün keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında münasibətlərin formalaşması baxımından faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Azərbaycanın müvafiq dövlət qurumu ilə Misirin aidiyyəti dövlət qurumları arasında fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün mövcud potensialdan danışıb. Eyni zamanda bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Misirin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.

Hişam Mohamed Nağı Abdel Həmid əvvəlcə ötən ilin dekabrında Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.

Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin formalaşdırılmasının qarşılıqlı faydasından danışıb. Diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin