Azərbaycançılıq ideyasının təbliği

16:20 - 31 Yanvar 2025

Azərbaycançılıq ideyasının təbliği

Hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi ilk növbədə milli ideologiyanın dəqiq müəyyən edilməsindən çox asılıdır. Çünki, düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf perspektlərinin təməlini təşkil edir. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur.

Ümummilli lider  Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə  Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Çünki, azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin çağırışı ilə bütün dünya azərbaycanlılarının milli birlik platformasına çevrilib.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar rəsmi dövlət tədbirində Azərbaycan dilində çıxış etməsi ilə Azərbaycan dilinin yeni inkişaf dövrü başladı.

Naqif Həmzəyev: “Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə belə  çətin vaxtda da öz qüdrətini göstərməkdədir” Pravda.az

"Çox təəssüf ki, XX əsrin əvvəllərində Azərbaycan müstəqilliyini qazansa da, bu cəmi 23 ay davam etdi. Daha sonra SSRİ tərkibində Azərbaycan öz mövcudluğunu davam etdirdi və məhz həmin dövrdə Azərbaycançılıq məfkurəsi daha da inkişaf etdi. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan dilini çətinliklə də olsa qoruyub saxlaya bildik. Xüsusilə də 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar rəsmi dövlət tədbirində Azərbaycan dilində çıxış etməsi ilə Azərbaycan dilinin yeni inkişaf dövrü başladı. Bu, Azərbaycan dilinin inkişaf etdirilməsi, qorunub saxlanması və azərbaycançılıq ideologiyasının yeni mərhələsi demək idi.

Məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə milli ruhu yaşadan, milli məfkurənin mövcudluğunu davam etdirən şairlərimiz, yazıçılarımız, xalq rəssamlarımız və digər yaradıcı insanlar, sovetlər tərəfindən təqib edilsələr də, qorunub saxlanıldı. Bu, sanki müstəqillik dövrünə bir hazırlıq prosesi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu proses daha da gücləndi. Müstəqilliyimiz bərpa edildikdən sonra isə Azərbaycançılıq ideyasının qorunub saxlanması ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. Hətta Azərbaycan dilinin Türk dili ilə əvəzlənməsi ideyası da irəli sürüldü, lakin Heydər Əliyev bu fikrin əleyhinə çıxdı. Beləliklə, Azərbaycan dili öz adını qorudu və Azərbaycan ideologiyası müstəqillik dövründə tam azad şəkildə inkişaf etdirildi.

Azərbaycançılıq ideyasının əsas qayəsi və məğzi Azərbaycan dövlətinin müstəqilliyinin qorunması, suverenliyin bərpasına yönəlmişdi. Eyni zamanda, Azərbaycan dilində danışan və bu dili anlayan bütün xalqların bir olması, birlikdə dövlətin qorunub saxlanmasına xidmət etməkdən ibarət idi. Şükürlər olsun ki, müstəqilliyimizin bərpasından sonra formalaşan yeni diaspora, xaricdə yaşayan azərbaycanlılar da dövlətimizin dəstəyi ilə bu ideyaya xidmət etməyə başladı. Uzun illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə məşğul olmaqla yanaşı, II Qarabağ müharibəsində zəfər çaldıqdan sonra bu zəfərin ədalətli və ləyaqətli olması, bizə verdiyi imkanların dünya ictimaiyyətinə çatdırılması istiqamətində təbliğat işləri aparıldı.

Xüsusilə də Şurada diaspora nümayəndələri ilə keçirilən zəfər toplantısından sonra diasporamız qarşısında yeni çağırışlar meydana çıxdı. Dünyanın müxtəlif yerlərində Azərbaycanı təbliğ edən azərbaycanlılar və diaspora nümayəndələri yeni yaranmış reallıqlardan çıxış edərək Azərbaycanın daha da güclənməsi və dövlətimizə dəstək olmaq üçün çalışırlar. Bu, onu deməyə əsas verir ki, biz yalnız döyüş meydanında erməni terrorçularına və separatçılarına qalib gəlməmişik. Eyni zamanda, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni lobbisini də məğlub etmişik.

Bu gün biz həm informasiya mübarizəsi aparırıq, həm də bizə qarşı yönəlmiş məkrli əllərin kəsilməsi, təzyiqlərin və qərəzlərin qarşısının alınması üçün mübarizə aparırıq. Bu mübarizədə yalnız dövlətimiz deyil, dünyanın hər bir yerində yaşayan və özünü azərbaycanlı hesab edən hər bir şəxs birlikdə çalışmalıdır. Birliyimizi və bərabərliyimizi sonuna qədər qorumalıyıq ki, həmişə güclü olaq. Nə qədər ki, Azərbaycan var, Azərbaycan dili də yaşayacaqdır. Bu baxımdan, dilimizi və dövlətimizi yaşatmaq üçün birliyimizi qorumalıyıq.

Mən inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında biz zəfərdən zəfərə gedəcəyik. Xüsusilə də Türk Dövlətləri Təşkilatının güclənməsi və bu təşkilatda Azərbaycanın oynadığı körpü rolu onu deməyə əsas verir ki, Azərbaycançılıq ideyası daim yaşayacaqdır. Biz azərbaycanlılar, Azərbaycan türkləri olaraq, həm Azərbaycanın var olması, həm də Türk dövlətlərinin birliyi üçün əlimizdən gələni edəcəyik".

 

 

Sara Məmmədli

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin